TÜRKDİLLİ DÖVLƏTLƏR AVROPANIN YAŞIL ENERJİ TƏCHİZATINDA VACİB ROL OYMAĞA İDDİALIDIR

İqlim dəyişiklikləri ilə mübarizəyə sanballı töhfələr verən COP29 konfransı Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında yaşıl enerji əməkdaşlığı istiqamətində müzakirələrin aparılması və müvafiq razılaşmaların qəbulu ilə də diqqəti çəkir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının tədbir çərçivəsində imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təşkilata üzv üç ölkənin əməkdaşlığında yeni səhifə açır.

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış Qarabağ Bəyannaməsi türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində bir sıra hədəflər müəyyənləşdirib. Bunlardan biri də TDT ölkələrinin iştirakı ilə yaşıl enerjinin ixracı və tranzitini nəzərdə tutur. Qarabağ Bəyannaməsində, eyni zamanda, türk dövlətlərində bərpaolunan zəngin enerji potensialı, elektrik enerjisinin ixracı və ticarəti üçün hazırda reallaşdırılan layihələrin önəmi xüsusilə vurğulanıb.

Xatırlatmaq yerinə düşər ki, iri hasilatçılar olan Azərbaycan və Qazaxıstan Avropaya neft ixracı sahəsində uğurlu əməkdaşlıq modeli yaradıblar. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə hazırda yalnız Azərbaycan nefti deyil, tranzit olaraq Qazaxıstan nefti də Avropaya nəql edilir. Ötən il 1,3 milyon ton Qazaxıstan nefti BTC vasitəsilə nəql edilib və yeni razılaşmalara əsasən bu rəqəmin 2,2 milyon tona çatdırılması planlaşdırılır.

Regional güc mərkəzinə çevrilən TDT-nin üç aparıcı üzvü COP29 çərçivəsində yaşıl enerji sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalamaqla, bir tərəfdən qlobal iqlim dəyişiklikləri ilə mübarizənin fəal iştirakçısına çevrilmək, digər tərəfdən yaşıl enerjiyə keçidi sürətləndirmək, Avropa ölkələrinin ekoloji təmiz enerji tələbatını ödəmək niyyətindədir. Bu əməkdaşlıq TDT-yə Avropanın enerji təhlükəsizliyində daha həlledici rol oynamağa, eyni zamanda, bu coğrafiyada iqtisadi və siyasi nüfuz imkanlarını artırmağa geniş imkanlar açır. Yalnız iqlim dəyişiklikləri ilə mübarizə məqsədilə deyil, həm də geosiyasi amillərlə əlaqədar ənənəvi enerji resurslarından asılılığı minimuma endirməyə çalışan Avropa ölkələri TDT ölkələrinin yaşıl enerji sahəsindəki layihələrini maraqla izləyirlər. Qarşıdakı onilliklərdə Avropa İttifaqı ölkələrinin ekoloji təmiz mənbələrdən alınan elektrik enerjisinə tələbatının kəskin artacağı qaçılmazdır və TDT dövlətləri bu reallığı düzgün dəyərləndirir.

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı fikirlərini açıqlayan dövlətimizin başçısı İlham Əliyev bunu münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirib: “Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir”.

Qarşıdakı illərdə Azərbaycan elektrik enerjisinin istehsalı və ixracında artımı əsasən, bərpa olunan enerji mənbələri hesabına təmin etməyi planlaşdırır. 2027-ci ilədək təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiya hesabına 2 QVt civarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ölkəmizin bu sahədə regional liderliyini gücləndirəcək. Rəsmi məlumatlara görə, Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə daha iddialı hədəf müəyyənləşdirib – 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 25 faizə çatdırmaq niyyətindədir. Bu ölkənin külək enerjisi potensialı hazırda 520 QVt, günəş enerjisi potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir.

Üçtərəfli saziş enerji sistemlərinin inteqrasiyası, habelə ekoloji cəhətdən təmiz enerjinin Avropaya və digər bazarlara çatdırılması üzrə etibarlı dəhlizlərin yaradılmasında yeni imkanlar açır. Razılaşma Qazaxıstan və Özbəkistanın istehsal etdiyi yaşıl enerjinin gələcəkdə Avropa ölkələrinə ötürülməsində Azərbaycanın tranzit ölkə statusunu təmin edəcək. Nəticədə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa regionunu vahid enerji dəhlizi ilə birləşdirəcək. Yaşıl enerji sahəsində əməkdaşlıq hər üç ölkə arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini də təmin edəcək.

Mərkəzi Asiya ölkələri istehsal etdikləri yaşıl enerjini gələcəkdə, eyni zamanda, Türkiyə istiqamətindən də Avropaya ixrac etmək imkanı əldə edəcəklər. Azərbaycanın İran ərazisindən reallaşdıracağı Şərqi Araz, habelə Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizləri bu baxımdan geniş imkanlar açır.

MTM Analitik Qrup