TÜRK XARİCİ İŞLƏR TƏŞKİLATININ YARADILMASININ 500 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə Türk Xarici İşlər Təşkilatı” mövzusunda panel və sərgi keçirilib.

Əvvəlcə Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü konfrans qardaş Türkiyə Cümhuriyyətinin, onun diplomatiyasının keçdiyi inkişaf yolunu xalqımıza daha da dərindən tanıtmağa xidmət edir.

Türk Xarici İşlər Təşkilatının hələ 500 il bundan öncə başlayaraq ölkənin xarici siyasətinin möhkəm təməllər üzərində atılması istiqamətində önəmli qərarlar qəbul etdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, məhz bunun nəticəsində qardaş Türkiyə bu gün dünyada söz sahibi olan, beynəlxalq arena üçün həlli vacib məsələləri həll edən ölkəyə çevrilib.

Akademik İsa Həbibbəyli qardaş dövlətin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 85 milyonluq türk xalqının Vətən müharibəsində ölkəmizə verdiyi dəstəyi xatırladıb və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltması ilə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bildirib.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tədbirin Birinci Türkoloji Qurultayın keçirildiyi bu salonda baş tutmasının tarixi əhəmiyyəti olduğunu deyib və yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda Azərbaycan Bayrağının ucaldılması münasibətilə xalqımızı təbrik edən səfir Cahit Bağçı bu tarixi hadisəni bütün Türk dünyasının həsrətlə gözlədiyini söyləyib və qeyd edib ki, Xankəndidə və Xocalıda yüksəldilən Azərbaycan Bayrağı heç vaxt enməyəcək.

Daha sonra panel iclasları keçirilib.