TÜRK MƏDƏNİ İRSİ KANADADA TƏBLİĞ EDİLİB

Kanadanın Toronto şəhərində Azərbaycanlı Kanadalılar Şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində Türk dünyasının mədəni irsinin təbliği məqsədilə qala gecəsi təşkil olunub.

Fonddan bildirilib ki, tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib. Qrupun bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Turan Manafzadədir.

Tədbirdə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin İcraiyyə Şurasının nümayəndələri Dmitriy Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya’ara Saks, Kanada Parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış edərək, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadıklarını vurğulayıblar.

“Yeddi Gözəl” ansamblının ifasında Türk dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları qonaqlara unudulmaz anlar yaşadıb.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Azərbaycanlı Kanadalılar Şəbəkəsinə Türk mədəniyyətinin Kanadada təbliğində göstərdikləri səylərə görə təşəkkürnamə təqdim olunub.