TÜRK DÜNYASININ TEXNOLOJİ VƏ İNNOVATİV İNKİŞAFINDA QƏBƏLƏ BƏYANNAMƏSİ İLƏ YENİ MƏRHƏLƏ BAŞLANIR

Birmənalı həqiqətdir ki, müasir dövrdə texnoloji inkişaf yalnız iqtisadi artımın deyil, həm də sosial rifahın, milli təhlükəsizliyin, təhsilin, səhiyyənin,  idarəetmənin və bir çox digər sferaların  yüksəlişində əsas təməl daşına çevrilib. Artıq dövlətlərin qüdrəti yalnız təbii ehtiyatların çoxluğu ilə deyil, elmi-texnoloji potensialı və innovasiya yaradıcılığı ilə ölçülür.

Ümumiyyətlə, bəşər tarixinin bütün mərhələlərində texnoloji yeniliklər cəmiyyətin inkişafını şərtləndirən başlıca faktor kimi çıxış edib və etməkdədir. İndiki dövrdə “dördüncü sənaye inqilabı”, başqa sözlə deyilsə,  rəqəmsal transformasiya, süni intellekt, robototexnika kimi faktorlar cəmiyyətin bütün sahələrinə olduqca böyük bir sürətlə nüfuz edir. Bu mənada təsadüfi deyil ki, artıq  həyatımızın az qala hər bir sahəsi texnologiya ilə sıx bağlıdır. Rabitə, təhsil, səhiyyə, bank sistemi, kənd təsərrüfatı, nəqliyyat və hətta mədəniyyət belə, rəqəmsallaşmanın təsiri altındadır. Təbii ki, texnologiyanın bu qədər geniş yayılması onun sadəcə bir vasitə deyil, inkişaf strategiyasının əsasıni təşkil etdiyini göstərir. Sözügedən kontekstdə o da bəllidir ki, texnologiyaya xüsusi diqqət ayırmaq, bu sahəyə böyük həcmdə sərmayə qoymaq uzunmüddətli inkişafın və iqtisadi müstəqilliyin əsas təminatıdır. Çünki dünya iqtisadiyyatı bilik və texnologiya üzərində qurulur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT), quruma üzv ölkələrin, o cümlədən də Azərbaycanın texnologiyalara, innovasiyalara xüsusi diqqət yetirməsi təsadüfi xarakter daşımır.

Qeyd edilməlidir ki, türk dünyası, onun müstəqil ölkələri texnologiya sahəsində də mühüm potensiala malikdir və artıq bu potensialın reallaşdırılması üçün ciddi addımlar atılır. Bunu Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşü çərçivəsində qəbul olunan Qəbələ Bəyannaməsi kontekstində də görmək mümkündür. Bəyannamədə bir çox məsələlərlə yanaşı, texnoloji tərəqqiyə,  innovasiyalara da geniş yer ayrılıb. Məsələn, burada qeyd olunur ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək. Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub. Bildirilir ki, TDT bayrağı altında üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib. Eləcə də Qəbələ Bəyannaməsində belə bir məqam da əks edilib ki, TDT-nin üzv ölkələri şəhərlərin dayanıqlılığı və innovasiya sahələrində əməkdaşlığı gücləndirəcək. Bu məqsədlə ölkələr 13-cü Dünya Şəhər Forumu (WUF13) çərçivəsində TDT Davamlı Şəhərlər Forumunun yaradılmasına dair Bəyanatın imzalanmasını təşviq etdiklərini bildiriblər.

Bu və digər məqamlar TDT-nin qarşıdakı dövr ərzində texnoloji tərəqqini də xüsusi diqqət mərkəzində saxlayacağını nümayiş etdirir. O da nəzərə alınmalıdır ki, artıq  türk dünyası ölkələri son illərdə texnologiya və innovasiya sahəsində diqqətəlayiq inkişaf nümayiş etdirirlər. Məsələn, qardaş Türkiyə regionda texnoloji lider kimi çıxış edir. “Baykar”, “Aselsan”, “TÜBİTAK” kimi qurumlar yalnız müdafiə sənayesində deyil, süni intellekt, kibertəhlükəsizlik və biotexnologiya kimi sahələrdə də böyük uğurlar əldə ediblər. Türkiyənin “Teknofest” adlı texnologiya festivalı artıq bütün türk dövlətlərini bir araya gətirən beynəlxalq platformaya çevrilib. Azərbaycan isə regional innovasiya mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. “ASAN xidmət” və “INNOLAND” kimi layihələr dövlət idarəçiliyində rəqəmsallaşmanın və startap ekosisteminin formalaşmasının uğurlu nümunələridir. Ölkədə elektron hökumət sisteminin inkişafı, kibertəhlükəsizlik infrastrukturu və “Azərbaycan 2030: Rəqəmsal transformasiya strategiyası” kimi sənədlər TDT çərçivəsində təcrübə mübadiləsinə böyük töhfə verir. Qazaxıstan Mərkəzi Asiyanın texnoloji mərkəzi kimi çıxış edir. “Astana Hub” beynəlxalq texnoparkı regionda startapların inkişafı və xarici investorların cəlbi baxımından önəmli platformadır. Özbəkistan da son illərdə rəqəmsal iqtisadiyyata keçid strategiyasını həyata keçirərək informasiya texnologiyalarına böyük investisiyalar yönəldir. Qırğızıstan və Türkmənistan isə bu istiqamətdə əsasən telekommunikasiya və təhsil sahələrində islahatlar həyata keçirir, texnologiyanın sosial-iqtisadi həyatın mərkəzinə çevrilməsinə çalışırlar. Amma TDT üzərindən birgə fəaliyyət bütün üzv ölkələr üçün yeni imkanlar pəncərəsi açır.

Proseslərin gedişi bu qənaətə gəlməyə əsas verir ki, TDT çərçivəsində texnoloji əməkdaşlığın gücləndirilməsi həm iqtisadi, həm də strateji baxımdan bütün üzvlər üçün mühüm nəticələr vəd edir. Xatırlatmaq lazım gəlir ki, TDT-nin nəzdində yaradılmış Türk İnvestisiya Fondu innovativ layihələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Fondun resurslarının bir hissəsinin süni intellekt, bərpa olunan enerji texnologiyaları, kənd təsərrüfatında rəqəmsallaşma və “ağıllı şəhər” layihələrinə yönəldilməsi türk dünyasının rəqabətqabiliyyətini artıracaq. Perspektivdə kosmosun birgə fəthi, ortaq rəqəmsal bazarın və paltformaalrın yaradılması, startap ekosisteminin birləşdirilməsi, süni intellekt və kibertəhlükəsizlik üzrə birgə tədqiqat proqramlarının icrası,  bərpa olunan enerji texnologiyaları sahəsində əməkdaşlıq və digər addımlar TDT-yə yeni üstünlüklər qazandıracaq. Bu müstəvidə müdafiə sahəsinə xüsusi diqqət edilməsi də böyük önəmə malikdir. Çünki texnologiya həm də milli təhlükəsizlik və müdafiə sistemlərinin ayrılmaz hissəsidir. Pilotsuz uçuş aparatları, kiberhücumların qarşısını alan sistemlər, süni intellekt əsaslı komanda idarəetmə proqramları müasir orduların əsas elementləridir. Azərbaycanın 2020-ci ildə qazandığı hərbi uğurlar bir daha göstərdi ki, müasir döyüşlərdə texnoloji üstünlük ənənəvi gücdən də önəmlidir. Müdafiə sənayesində dron texnologiyalarının, rabitə və müşahidə sistemlərinin inkişafı milli təhlükəsizliyin əsas təminatlarından biridir. O səbəbdən TDT-nin bu məqama da xüsusi diqqət etməsi çox önəmlidir. Ümumən götürüldükdə, TDT-nin texnoloji və innovativ inkişafı artıq yalnız iqtisadi deyil, həm də geosiyasi amillə şərtlənir. Çünki məhz belə bir inkişaf türk dünyasının müasir qlobal rəqabətdə söz sahibi olmasını təmin etmək gücündədir. Ortaq dil, din, mədəniyyət və tarix kimi birləşdirici dəyərlər bu prosesin mənəvi dayağını, texnologiya və innovasiya isə onun iqtisadi sütununu təşkil edir. Texnologiya həm də xalqlarımız arasında bilik mübadiləsini sürətləndirir, əməkdaşlıq üçün yeni platformalar yaradır. Elə bu kontekstdə türk dövlətlərinin birgə texnoloji siyasəti, rəqəmsal inteqrasiyası və elmi-innovativ əməkdaşlığı TDT-nin Avrasiya məkanında, qlobal aləmdə  güc mərkəzi kmi rolunu daha da artıracaq.

MTM Analitik Qrup