TÜRK DÜNYASI SƏNƏDLİ FİLM FESTİVALINDA ÖLKƏMİZ “XOCALIYA ƏDALƏT!” FİLMİ İLƏ TƏMSİL OLUNACAQ

Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Yarışması keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq.

“Türk mədəniyyəti və türkün dünyaya baxışı” mövzusunda baş tutacaq festivalda ölkəmiz həmyerlimiz, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino bölümünün doktorantı Səidə Ömərin “Xocalıya ədalət!” sənədli filmi ilə təmsil olunacaq. Film festivala tələbə kateqoriyası üzrə təqdim edilib.

Ekran əsərində “Şuşa” filmindən və Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkilən videogörüntülərdən istifadə edilib.

Builki festivalda dünyanın müxtəlif türkdilli dövlətlərinin peşəkar rejissorları və tələbələrinin filmləri yer alır.