
Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi, ən əsası tarixi və mədəni bağları baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzindən birinə çevrilməkdədir. İndi bu prosesin daha intensiv xarakter almasına böyük zərurət var. Bunu şərtləndirən əsas səbəblərdən biri həm də odur ki, türk dünyasının gələcəyi burada yer alan ölkələrin, xalqların birliyindən, gələcəyindən birbaşa asılıdır. Nəzərə alınmalıdır ki, hazırda qlobal dünya nizamının yenidən müəyyən olunması prosesi gedir. İkinci Dünya müharibəsindən sonra formalaşmış nizam əhəmiyyətli deqradasiyaya məruz qalıb və bu səbəbdən onun yenidən təşkili qaçılmazdır. İndi bu təşkil prosesində türk dünyasının bir subyekt, geosiyasi güc mərkəzi kimi yer alması üçün hər cür şərtlər mövcuddur.
Hazırda türk dövlətlərinin fəaliyyəti dünya siyasətinin qlobal proseslərinə birbaşa və ya dolayısı ilə təsir edir. Elə bundan irəli gəlir ki, türk dövlətlərinin mövqeyi, proseslərə yanaşması indi dünya miqyasında, xüsusən də Avrasiya coğrafiyasında getdikcə daha çox nəzərə alınır. O da birmənalı həqiqətdir ki, türk dünyasının tarixində başlanan bu yeni mərhələnin ilk əsas hərəkətverici qüvvəsi Azərbaycan və Türkiyə olub. Sonrakı mərhələdə prosesdə Mərkəzi Asiyanın türk cümhuriyyətləri də fəal şəkildə iştirak etməyə başlayıblar.
Azərbaycan xarici siyasətində türk dünyasının birliyinin güclənməsi, konkret məsələlərdə vahid mövqedən çıxış etməsinə daim xüsusi diqqət edir. Bu, həm də ondan irəli gəlir ki, dünyada geosiyasi mənzərənin formalaşması daha intensiv xarakter almağa başlayıb. Sözügedən məsələ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya-ABŞ nümayəndə heyətinin danışıqları fonunda özünü bir daha qabarıq şəkildə büruzə verdi. 2022-ci ildən bəri ilk rəsmi Rusiya-Amerika danışıqları və ya onların iştirakçılarının dediyi kimi, məsləhətləşmələr dünya miqyasında ciddi nəticələrə malikdir.
Ər-Riyad danışıqlarında tərəflər arasında dialoqun davam etdirilməsi ilə bağlı razılıq əldə olunub, onun kulminasiya nöqtəsi iki ölkənin prezident- – Vladimir Putin və Donald Trampın görüşü olacaq. Bu arada xüsusi yaradılmış danışıqlar qrupu səviyyəsində kommunikasiyalar davam etdiriləcək. Başqa sözlə, Ər-Riyaddakı görüş iştirakçıların bitmə tarixlərini açıqlamaq istəmədikləri danışıqlar prosesinin başlanğıcı oldu. Əldə olunan nəticələrə tərəflərin Vaşinqton və Moskvadakı səfirliklərdəki diplomatik personalın əvvəlki sayının bərpasına dair razılaşma da daxildir. ABŞ dövlət katibi Marko Rubio bunun səbəbini belə izah edir: “Bu təmasları davam etdirmək üçün normal fəaliyyət göstərə bilən aktiv diplomatik nümayəndəliklərə ehtiyacımız olacaq”.
Danışıqlardan sonra “Fox News” telekanalı öz mənbələrinə istinadən Ukrayna münaqişəsi üzrə Rusiya-Amerika sülh planının mövcudluğu haqqında məlumat yayıb. Plana əsasən, əvvəlcə Ukrayna cəbhəsində atəşkəs elan olunacaq, ardınca Ukraynada yeni prezident seçkiləri keçiriləcək və nəhayət, sülh sazişinin imzalanması baş tutacaq. Bunun doğru olub-olmamasından asılı olmayaraq, qeyd etmək lazımdır ki, Vladimir Putin dəfələrlə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin legitimliyinə şübhələrini ifadə edib və bununla da onu optimal danışıqlar tərəfdaşı hesab etmədiyini diqqətə çatdırıb. Ukraynanın hazırkı prezidenti 2019-cu ildə seçilib, onun beş illik səlahiyyət müddəti bir il əvvəl başa çatıb. Ölkədə hərbi vəziyyətin qüvvədə olması səbəbindən seçkilər keçirilmir. Amma atəşkəs qüvvədə olarsa, o zaman hərbi vəziyyətin ləğvi üçün hüquqi imkan yaranacaq. Maraqlıdır ki, Donald Trampın da sözlərinə görə, Ukrayna yeni prezident seçkiləri keçirməlidir: “Bu, Rusiya ilə bağlı məsələ deyil, bu, məndən və digər bir çox ölkələrdən gələn bir çağırışdır”.
Hadisələrin bu səpkidə inkişafı, Ukrayna münaqişəsinin gələcəyinin Rusiya və ABŞ arasında müzakirəsi Avropa İttifaqında böyük hiddət və narazılıq yaradıb. Qurum arxa plana atılmasından, geosiyasi güc mərkəzi kimi mövqeyinin nəzərə alınmamasından ciddi narahatlıq keçirir. Amma reallıq odur ki, Avropa İttifaqı həqiqətən də dünyanın yeni siyasi, iqtisadi nizamının formalaşmasında əvvəlki çəkiyə malik deyil. Bunun ümdə səbəblərindən biri Avropa İttifaqında yaşanan deqradasiya, lider problemi, qurumun öz dəyərlərini maraqları naminə bəzi hallarda açıq şəkildə rədd etməsidir. ABŞ-ın vitse-prezidenti Ceyms Vensin bu mənada Münhen Təhlükəsizlik Konfransında Avropanın ünvanına səsləndirdiyi ittihamlar təsadüfi hesab olunmur. Bütün bunların nəticəsidir ki, Avropa Ukrayna münaqişəsi üzrə Rusiya-ABŞ danışıqlarına buraxılmır.
Belə vəziyyətdə Fransa prezidenti Emmanuel Makron Avropa liderlərinin Parisdə fövqəladə sammitini çağıraraq, “köhnə dünya”nın Ukrayna məsələsində müstəqil fəaliyyət göstərməsinə can atsa da, yenə fiasko ilə üzləşib. Məsələ burasındadır ki, Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını bəyan ediblər. Lakin onlar vurğulayıblar ki, bu zəmanətlərin səviyyəsi hərtərəfli sülh sazişi bağlandığı təqdirdə Vaşinqtonun iştirakından asılı olacaq. Avropanın acizliyini, ABŞ-ın indiki mövqeyini görən Ukrayna əsas ümidini Türkiyəyə bağlayıb. Volodimir Zelenskinin son Türkiyə səfərini şərtləndirən əsas məqamlardan biri də məhz bundan irəli gəlir.
Beləliklə, Ukrayna hadisələri bir daha dünyanın geosiya mənzərəsində mühüm dəyişikliklərin daha bir göstəricisidir. İndi bu şəraitdə türk dünyasının əsas geosiyasi aktorlardan biri qismində mövqeyini daha da gücləndirməsinə böyük zərurət var. İndiki qlobal çağırışlara adekvat şəkildə cavab verilməsi isə birlik, inteqrasiya halında daha asandır, daha praqmatik xarakterə malikdir. Başqa sözlə, dünyadakı mövcud geosiyasi vəziyyət müstəqil türk dövlətlərinin sıx birləşməsini tələb edir.
Təbii müttəfiqlər olan türk dövlətlərinin birliyinin davamlı olaraq güclənməsi burada yer alan ölkələrin, o cümlədən də Azərbaycanın xüsusi maraq dairəsində yer alır. Prezident İlham Əliyev hələ ötən ilin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bu xüsusda qeyd edib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”.
Hazırda türk dünyasının müxtəlif məsələlərə, o cümlədən geosiyasi, geoiqtisadi proseslərə hansı prizmadan yanaşması beynəlxalq aləmdə getdikcə daha çox nəzərə alınır. Türk dünyasında ümumi maraq kəsb edən müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi isə bu coğrafiyada yer alan ölkələri daha qüdrətli hala gətirir.
MTM Analitik Qrup