TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ NAXÇIVAN SAZİŞİNDƏ DƏYİŞİKLİK EDİLƏCƏK

Azərbaycan, Qazaxıstan və Özbəkistanla üçtərəfli görüşlərə xüsusi əhəmiyyət veririk və bunları davam etdirəcəyik.

Bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı deyib.

Nazir Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə bir sıra sənədlərin imzalanacağını diqqətə çatdırıb.

“Təşkilatın Naxçıvan Sazişində dəyişiklik protokolunun rəhbərlərimiz tərəfindən qəbul edilməsi ilə hüquqi bazanı tamamlamış olacağıq. Hansı dövlətlərin Türk Dövlətləri Təşkilatında müşahidəçi ola biləcəyinə dair maddə üzərində də iş aparılıb”, – deyə Mövlud Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında» Naxçıvan Sazişi 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanıb.

Saziş təşkilatın strukturunu, məqsəd və vəzifələrini müəyyənləşdirir.