“TRT AVAZ”: QARABAĞDA İŞĞALIN İZLƏRİ SİLİNİR

Türkiyənin “TRT Avaz” telekanalı Azərbaycanın erməni işğalından azad edilmiş torpaqlarında aparılan bərpa-quruculuq işlərinə həsr olunmuş reportaj hazırlayıb.

Reportajda ölkənin işğaldan azad edilmiş rayonlarında çoxsaylı layihənin həyata keçirildiyi, o cümlədən “ağıllı şəhərlər” və “ağıllı kəndlər”in salındığı diqqətə çatdırılır.

“TRT Avaz” qeyd edir: “Azərbaycanın Qarabağ bölgəsində dağıdılmış şəhərlər arasında bərpa olunması planlaşdırılan ilk şəhər Ağdam olacaq. Prezident İlham Əliyev Türkiyə şirkətlərinin də iştirak etdiyi bərpa-quruculuq işlərinin vəziyyəti ilə tanış olmaq məqsədilə bölgəyə planlaşdırılan səfərlər edir”.

Reportajda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu yaxınlarda ölkənin Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışından bəhs olunur.

Telekanal tamaşaçılara bu yaşayış məntəqəsinin bərpası haqqında məlumat verərək bildirir ki, burada artıq 203 fərdi ev tikilib, yüzlərlə ailənin rahat şəraitdə yaşaması üçün hər cür şərait yaradılıb.

Reportajda Azərbaycanın dövlət başçısının “Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək” sözləri sitat gətirilir.