TRIPP CƏNUBİ QAFQAZIN GƏLƏCƏYİNİ MÜƏYYƏN EDƏN STRATEJİ KONSEPSİYADIR

Gələn həftə ABŞ-ın müxtəlif dairələrindən olan nümayəndə heyətinin Ermənistana səfəri gözlənilir. Bu səfərin əsas gündəliyini “Tramp Sülh və Rifah Marşrutu” (TRIPP), yəni Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi təşkil edir. Artıq bir müddətdir gündəmdə olan TRIPP, Cənubi Qafqazda sülh və iqtisadi inteqrasiyanı təmin etməklə yanaşı, regionun geosiyasi nizamını da köklü şəkildə dəyişdirə biləcək layihə kimi qiymətləndirilir. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən elan olunan sülh razılaşmasının da mərkəzi elementi TRIPP layihəsi idi. Bu marşrut Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, eyni zamanda Ermənistanı beynəlxalq nəqliyyat şəbəkələrinə qoşacaq. Dəhliz çoxşaxəli xarakter daşıyır. Burada dəmir yolu, avtomobil yolu, enerji boru kəmərləri və optik internet infrastrukturu nəzərdə tutulur. Layihənin icrası ABŞ konsorsiumuna 99 illik “icarə hüququ” əsasında həvalə olunub. Bununla belə, Ermənistanın suverenliyi qorunur, hüquqi nəzarət və təhlükəsizlik tamamilə İrəvanın ixtiyarında qalır.

TRIPP layihəsi, bölgədə uzun illər dominant mövqe tutan Rusiyanın təsirini zəiflədə, ABŞ-ın isə iqtisadi diplomatiya yolu ilə regiona daxil olmasına imkan verə bilər. Layihə həm də Trans-Xəzər “Orta Dəhliz”in mühüm seqmentinə çevrilərək, Şərq-Qərb yük daşımalarını Rusiyadan yan keçirməklə Avropa və Asiya üçün yeni alternativ yaradır. Bu mənada, ABŞ-ın təşəbbüsü ilə reallaşdırılan marşrut təkcə iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından dönüş nöqtəsidir. Çin və Avropa İttifaqının layihəyə maraq göstərməsi, TRIPP-in qlobal enerji və ticarət xəritəsində mühüm mövqeyə sahib olacağını göstərir.

Layihəyə ən sərt reaksiya İran və Rusiyadan gəlib. Moskva detalları öyrənmək üçün vaxt istəsə də, strateji təsirini itirməkdən ehtiyat edir. Tehran isə dəhlizin öz tranzit imkanlarını zəiflədəcəyini düşünərək açıq şəkildə narahatlığını ifadə edib. Bu səbəbdən, gələn həftə ABŞ nümayəndələrinin səfəri çərçivəsində həm Ermənistan, həm də qonşu ölkələrlə diplomatik balans məsələləri müzakirə olunacaq.

Dəhliz layihəsinin ən mühüm nəticələrindən biri region ölkələrinin iqtisadi inteqrasiyası ola bilər. Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə əlaqələrinin möhkəmlənməsi, Ermənistanın isə həm İran, həm də Qərb bazarlarına çıxışının genişlənməsi gözlənilir. Layihə yalnız dövlətlərarası münasibətləri deyil, həm də yerli iqtisadiyyatı canlandıra, yeni investisiya və iş yerləri aça bilər. Bununla belə, Ermənistan daxilində suverenliklə bağlı narahatlıqlar qalmaqdadır.

ABŞ nümayəndələrinin gələn həftə Ermənistana səfəri TRIPP layihəsinin praktiki mərhələsinə keçidi simvolizə edir. Danışıqlarda dəhlizin operatorluq modeli, hüquqi mexanizmlər, təhlükəsizlik təminatı və investisiya mənbələri əsas müzakirə mövzusu olacaq. Bu, həm də regionda yeni nizamın qurulmasına doğru ilk real addımlardan biridir. ABŞ-ın vasitəçiliyi ilə reallaşacaq layihə yalnız Azərbaycan və Ermənistan arasında deyil, bütün Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edə bilər. Çünki TRIPP layihəsi sadəcə bir nəqliyyat dəhlizi deyil, regionun gələcəyini müəyyən edə biləcək strateji konsepsiyadır. O, Ermənistan və Azərbaycan arasında davamlı sülhün möhkəmlənməsinə, ABŞ-ın bölgədə nüfuzunun artmasına, Rusiya və İranın isə təsir imkanlarının daralmasına gətirib çıxaracaq. Gələn həftə gözlənilən səfər isə bu böyük layihənin başlanğıc nöqtəsi ola bilər. Əgər tərəflər balanslı yanaşma nümayiş etdirə bilsə, TRIPP Cənubi Qafqazı yeni bir geosiyasi və iqtisadi mərkəzə çevirəcək.

MTM Analitik Qrup