
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi yalnız siyasi bəyanat və qarşılıqlı jestlərlə deyil, həm də əməkdaşlıq istiqamətində atılan real addımlarla müşayiət olunur. Sülh və etimad quruculuğuna xidmət edən ardıcıl addımlar mühüm diplomatik əhəmiyyəti ilə yanaşı, həm də ictimai rəyin müsbət istiqamətdə formalaşmasına təsir göstərir. İki ölkə arasında tranzit və ticarət məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində atılan ilkin addımlar sülh quruculu prosesini möhkəmləndirən, onu siyasi niyyət mərhələsindən real əməkdaşlıq müstəvisinə keçirən əsas amillərdən biri kimi çıxış edir. Xatırladaq ki, bu ilin oktyabr ayında Prezident İlham Əliyevin Ermənistana yük daşınması üçün məhdudiyyətlərin aradan qaldırılmasını bəyan etməsi, ardınca Qazaxıstan taxılının Azərbaycan ərazisindən bu ölkəyə çatdırılması göstərdi ki, Bakı sülhə nail olmaq niyyətini real addımlarla sübut edir. Bu qərar 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi layihəsi fonunda iki ölkə arasında qarşılıqlı etimad tədbirlərinin konkret və mühüm nümunələrindən biri olub. Tranzit kimi strateji məsələdə maneələrin aradan qaldırılması ölkəmizin dünyaya verdiyi siyasi mesajdır: rəsmi Bakı sülhü kağız üzərində deyil, praktikada reallaşdırır, qarşı tərəfdən də eyni siyasi iradəni tələb edir. Bunun davamı olaraq dekabrın 18-də SOCAR tərəfindən yerli mənşəli neft məhsulunun ilk dəfə Ermənistana tədarükü iqtisadi əməkdaşlıq mərhələsinə keçidin göstəricisidir. 22 vaqondan ibarət 1220 ton həcmində “Aİ-95” markalı avtomobil yanacağının Ermənistana göndərilməsi mühüm iqtisadi-ticari və siyasi məna kəsb edir. Bu, onilliklər boyu bir-biri ilə hərbi-siyasi qarşıdurma çəraitində olan iki ölkə arasında yeni və sivil münasibətlər modelinin formalaşdırılmasına doğru inamlı addımdır. Xüsusilə enerji kimi strateji sahədə əməkdaşlıq qarşılıqlı etimadın ən mühüm göstəricilərindən biri sayıla bilər. Tranzit və ticarət məhdudiyyətlərinin aradan qaldırılmasının danışıqlar prosesinə müsbət təsirləri də xüsusi qeyd edilməlidir. Son 5 ildə danışıqlar masası arxasında müzakirə olunan mövzular əsasən delimitasiya və demarkasiya, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələləri ətrafında cəmləşmişdi. İqtisadi-ticari əlaqələrin bərpası istiqamətində atılan qətiyyətli addımlar isə sülh gündəliyini daha da möhkəmləndirir, bu prosesi irəliyə aparır. Tərəflər artıq etimadsızlıqdan, mümkün risklərdən deyil, regional əməkdaşlıq imkanlarından danışmağa başlayıblar. Bu, kompromis mədəniyyətinin formalaşmasına, sülhün qaçılmaz proses olmasının ictimaiyyətə izahını asanlaşdırmağa xidmət edir. İctimai rəyin düzgün məcrada inkişafı baxımından da bu addımların əhəmiyyəti böyükdür. Tranzit yüklərinin daşınması, enerji tədarükü, hava məkanlarının mülki aviasiya üçün açılması, delimitasiya üzrə birgə komissiyanın Qəbələdə təşkili, vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri sülhün heç də əlçatmaz və mücərrəd anlayış olmadığını, gündəlik həyatla birbaşa əlaqəsini nümayiş etdirir. Bu isə sülh quruculuğuna daha geniş ictimai dəstəyin təmini baxımından həlledici amildir. Uzun illər Azərbayacanafob düşüncəyə məhkum edilmiş Ermənistan cəmiyyətinə bu addımların psixoloji-siyasi təsirləri xüsusilə böyükdür. Azərbaycanın müsbət jestləri fonunda erməni cəmiyyəti sülhə qarşı müqavimət göstərən daxili və xarici qüvvələrin iddialarının nə qədər bəsit və əsassız olduğunu aydın şəkildə qavrayır. Bundan əlavə, uzun illər blokada, məhdud iqtisadi imkanlar və alternativsiz enerji marşrutları Ermənistan cəmiyyətində qorxu və asılılıq psixologiyası formalaşdırmışdı. Azərbaycandan neft məhsullarının tədarükü Ermənistanın Rusiya və İranın enerji asılılığından qurtulmaq üçün real və konstruktiv varianta malik olduğunu göstərir. İkitərəfli siyasi, iqtisadi və ticari əlaqələrin bərpası istiqamətində atılan addımlar bu ölkənin daxilində praqmatik düşünən, regional əməkdaşlığı üstün tutan dairələrin mövqelərini gücləndirir, revanşist və qarşıdurma tərəfdarı olan qüvvələrin isə absurd arqumentlərini puça çıxarır. Prezident İlham Əliyevin oktyabr ayında qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında qeyd etdiyi kimi, tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycanla Ermənistan arasında sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda mövcud olduğunu göstərir. Bu yanaşma danışıqlar prosesinə müsbət təsir göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətdə sülh prosesinin dönməzliyi barədə aydın təsəvvür yaradır. İqtisadi-ticari əlaqələrin bərpasının siyasi münasibətlərə müsbət təsiri beynəlxalq təcrübədə dəfələrlə sübut olunub. Qarşılıqlı asılılıq amili münaqişə risklərini azaldır, çünki tərəflər mümkün gərginliyin həm də iqtisadi maraqlarına zərər vuracağını daha aydın dərk edirlər. Azərbaycanla Ermənistan arasında ticarət və tranzit əlaqələrinin genişlənməsi də bu məntiqə əsaslanır. Enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlıq yalnız iqtisadi fayda gətirmir, eyni zamanda təhlükəsizlik mühitini sabitləşdirir. Son proseslər göstərir ki, Bakı regional proseslərdə təşəbbüskar rolunu qoruyur, sülh gündəliyini diktə edən tərəf kimi çıxış edir. Ermənistana tranzit imkanlarının açılması, benzin ixracı ölkəmizin Cənubi Qafqazda iqtisadi və siyasi üstünlüyünün, regionun enerji təhlükəsizliyində söz sahibi olmasının bariz təzahürüdür. Rəsmi Bakı bu üstünlükdən siyasi təzyiq aləti kimi deyil, əməkdaşlıq və inteqrasiya mexanizmi kimi bəhrələnir.
MTM Analitik Qrup
