TRAMP ZELENSKİYƏ SİYASİ SİQNAL GÖNDƏRDİ

ABŞ Prezidenti Donald Trampın “Ukraynada yeni prezident seçkiləri keçirməyin vaxtı çatıb” bəyanatı beynəlxalq gündəmin diqqətini yenidən Kiyevdəki daxili siyasi vəziyyətə yönəldib. Ukrayna-Rusiya müharibəsinin üçüncü ilində verilən bu açıqlama həm Vaşinqtonun yeni siyasi kursunun, həm də Zelenski administrasiyasına artan təzyiqlərin göstəricisi kimi dəyərləndirilir. Trampın sözlərinə görə, “ukraynalıların seçim şansı olmalıdır” və müharibə seçkiləri təxirə salmaq üçün əsas vermir. Bu bəyanat əslində təkcə Zelenskiyə ünvanlanmış siyasi ismarıc deyil, həm də ABŞ-ın müharibənin gedişi və Ukraynadakı legitimlik məsələsi ilə bağlı yeni mövqeyinin konturlarını ortaya qoyur.

Ukrayna Konstitusiyasına görə, prezidentin 5 illik səlahiyyət müddəti 2024-cü il mayın 21-də başa çatıb. Bu tarixdən sonra Zelenski faktiki olaraq fövqəladə vəziyyət rejiminə istinad edərək postunda qalır. Ukrayna qanunvericiliyinə görə hərbi vəziyyət rejimi qüvvədə olduğu müddətdə seçkilərin keçirilməsi qadağandır və prezident seçkiləri yalnız hərbi vəziyyət ləğv edildikdən sonra təşkil oluna bilər. Zelenski dəfələrlə müharibə başa çatmadan seçki keçirə bilməyəcəklərini və özünün də müharibədən sonra postu tərk etməyə hazır olduğunu qeyd edib. Bununla belə, səlahiyyət müddətinin başa çatmasından sonra onun legitimliyi ilə bağlı Ukrayna daxilində və Qərb dairələrində müzakirələr güclənib.

Tramp administrasiyasının Ukrayna siyasətində əvvəlki dövrdən fərqli olaraq bir neçə yeni xətt müşahidə edilir. Birincisi, Vaşinqton müharibənin uzanmasını siyasi problem kimi görür. ABŞ-da fiskal yük artır, Ukraynaya yardım paketləri Konqresdə ciddi müzakirələrə səbəb olur. Trampın bəyanatı göstərir ki, Vaşinqton Kiyevdə yeni siyasi konfiqurasiya vasitəsilə danışıqlara can atan rəhbərliyin formalaşmasını arzulayır. İkincisi, Zelenski administrasiyası ilə münasibətlər soyuyur. Bu mənada Trampın tənqidi Zelenskiyə birbaşa xəbərdarlıq kimi səslənir. Ukrayna rəhbərliyi yaxın aylarda Vaşinqtona daha da çox bağlı olacağı üçün Zelenskinin legitimlik problemi ABŞ üçün də risk yaradır. Üçüncüsü, ABŞ Ukraynanın daxili siyasi həyatında fəal oyunçuya çevrilir, Trampın bəyanatı Ukraynadakı siyasi elitalara impuls verir. Vaşinqtonun “seçki vaxtı çatıb” mesajı Zelenskiyə qarşı olan müxtəlif siyasi qruplar üçün yeni motivasiya yaradır.

Hazırda Zelenski “müharibə şəraitində prezident” kimi fəaliyyət göstərir. Hüquqi olaraq postunda qalmasının əsasları olsa da, bu vəziyyətdə demokratik sistemin təbii legitimlik prinsipi zərbə alır. Nəticədə müharibə dövründə qərarların legitimliyi sual altına düşür, Ukrayna daxilində siyasi parçalanmalar dərinləşir, Rusiya təbliğatı Zelenskinin legitimlik problemini öz informasiya kampaniyalarında geniş istifadə edir. Trampın sözləri bu narahatlığın artıq ABŞ siyasi dairələrində də ciddi şəkildə müzakirə edildiyini göstərir.

Hərbi vəziyyətin davam etdiyi şəraitdə seçki keçirilməsi həm texniki, həm təhlükəsizlik, həm də siyasi baxımdan son dərəcə çətindir. Çünki cəbhə xəttinə yaxın ərazilərin böyük hissəsi təhlükəli zonadır. Ukraynanın milyonlarla vətəndaşı Avropaya səpələnmiş vəziyyətdədir. Bundan əlavə, səsvermənin ədalətliliyi və təhlükəsizliyi sual altına düşə, seçkinin nəticələri Moskvanın hibrid müdaxiləsinə açıq ola bilər. Bütün bunlara görə Zelenski seçkiləri mümkün qədər müharibədən sonrakı dövrə saxlamağa çalışır.

Bəyanatın mümkün geosiyasi təsirlərinə gəlincə, qeyd edək ki, bu gedişlə Zelenski Trampın təzyiqini qəbul etmək məcburiyyətində qalacaq. Vaşinqtonla münasibətlərin soyuması Kiyevə hərbi dəstək paketlərinə də təsirsiz ötüşməyəcək. Artıq Moskva Trampın seçki bəyanatını Qərbin Zelenskiyə olan inamsızlığının göstəricisi kimi təqdim edir. Çox güman ki, Avropa İttifaqı ölkələri də Trampın xəttini yüngül formada təkrar edəcək və Ukraynada siyasi yenilənmənin vacibliyini vurğulamağa başlayacaqlar.

MTM Analitik Qrup