TRAMP YAXIN ŞƏRQDƏ SON İLLƏRİN ƏN BÖYÜK DİPLOMATİK NAİLİYYƏTİNİ QAZANMAQ İSTƏYİR

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndə heyətləri arasında başlayan yeni atəşkəs danışıqları Yaxın Şərq münaqişəsinin gərgin mərhələsində mühüm diplomatik hadisədir. Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə aparılır, çünki tərəflər birbaşa təmasdan qaçır, onların arasında dərin inamsızlıq var. Lakin danışıqların başlaması belə, yeni bir mərhələnin xəbərçisidir. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Misirə ezam edilən xüsusi nümayəndə Stiv Uitkoffun iştirakı Vaşinqtonun bu prosesi siyasi prioritetə çevirdiyini təsdiqləyir.

Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə də Qəzzada artan humanitar böhran, İsrailin təhlükəsizlik narahatlıqları tərəfləri danışıqlar masasına qayıtmağa vadar edib. Son aylarda İsrail HƏMAS-ın hərbi potensialını zəiflətmək məqsədilə Qəzzada genişmiqyaslı əməliyyatlar aparıb, HƏMAS isə Qəzza daxilində siyasi və ictimai dayaqlarını qorumağa çalışıb, həmçinin beynəlxalq təzyiqləri artırmaq üçün girov məsələsini diplomatik alətə çevirib. Belə bir şəraitdə Misirin təşəbbüsü və Amerikanın dəstəyi ilə keçirilən Şarm əl-Şeyx danışıqları həm regional sabitlik, həm də Tramp administrasiyasının xarici siyasətində uğur nümunəsi kimi dəyərləndirilə bilər.

Vaşinqtonun bu danışıqlara fəal qoşulmasının arxasında həm strateji, həm də siyasi motivlər dayanır. Prezident Donald Tramp Yaxın Şərq siyasətində son illərin ən riskli, eyni zamanda ən iddialı diplomatik xəttini izləyir. Belə ki, Amerika regiondakı mövqeyini Rusiya və Çin kimi güclərin artan təsiri fonunda bərpa etmək istəyir. Tramp administrasiyası üçün bu danışıqlardan çıxacaq istənilən müsbət nəticə, yəni atəşkəsin əldə olunması, girovların azad edilməsi və ya insani yardım dəhlizinin açılması əlavə siyasi dividentlər deməkdir. Real nəticəyə və minimal ideologiyaya hədəflənmiş bu yanaşma bir tərəfdən praqmatikdir, digər tərəfdən isə regionda bəzi aktorlar, xüsusilə İran və “Hizbullah” tərəfindən “Amerika təsirinin bərpası” kimi qəbul edilə bilər.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin vasitəçilik missiyası da Qahirənin regionda diplomatik nüfuzunu artırmaq məqsədi daşıyır. Misir uzun illərdir həm İsrail, həm də Fələstin arasında dialoqun yeganə sabit kanalı kimi çıxış edir. Misirin bu prosesdəki maraqları ondan ibarətdir ki, Qahirə sərhəd təhlükəsizliyinin təmin olunmasına, Qəzza zolağında nəzarətsiz silahlı qrupların güclənməsinin qarşısının alınmasına, Amerika və körfəz ölkələri ilə strateji münasibətlərin möhkəmləndirilməsinə çalışır. Beləliklə, Misir həm vasitəçi, həm də nəticələrin potensial benefisiarı rolundadır. Uğurlu atəşkəs razılaşması Qahirənin regional statusunu yenidən yüksəldə bilər.

Danışıqların gündəliyində iki əsas məsələ dayanır. Bunlardan birincisi atəşkəsin əldə olunması və mərhələli şəkildə davamlı sülhə keçid planıdır. İkinci əsas məsələ isə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsidir. Misir və Amerika nümayəndələrinin danışıqların birinci gününün müsbət atmosferdə keçdiyini deməsi onu göstərir ki, ilkin razılaşma konturları formalaşır. Girov məsələsi danışıqların əsas psixoloji və siyasi qovşağıdır. HƏMAS bu kartdan həm beynəlxalq legitimlik qazanmaq, həm də İsraildən əməliyyatların dayandırılması və humanitar yardımın artırılması kimi güzəştlər əldə etmək üçün istifadə edir.

Şübhəsiz ki, bu danışıqların uğuru və ya uğursuzluğu bütövlükdə Yaxın Şərqdə güc balansına təsir edəcək. Əgər atəşkəs əldə olunarsa, Qəzza böhranı regiondakı gərginliyi azalda və iqtisadi sabitliyin bərpası üçün baza yarada bilər. Əgər danışıqlar pozularsa, vəziyyət daha geniş miqyaslı toqquşmalara, xüsusilə Livan və Suriyada yeni cəbhələrin açılmasına gətirib çıxara bilər. Bundan başqa, İranın bu prosesə necə reaksiya verəcəyi mühüm amildir. Tehran uzun illər HƏMAS-a siyasi və hərbi dəstək göstərib və mümkün atəşkəs razılaşması onun bölgədəki nüfuzuna zərbə vura bilər. İndi əsas fiqur Birləşmiş Ştatlardır. Amerika bu dəfə İsraili də, HƏMAS-ı da iqtisadi və siyasi alətlərlə masada saxlamağa çalışır. Əgər Şarm əl-Şeyx danışıqları nəticə versə, Tramp administrasiyası Yaxın Şərqdə son illərin ən böyük diplomatik nailiyyətinə imza atacaq. Bu, həm də ABŞ-ın 2025-ci ildən etibarən Asiya və Avrasiya istiqamətlərində balanslı xarici siyasət kursuna keçidinin başlanğıcı kimi qiymətləndirilə bilər.

MTM Analitik Qrup