
Cənubi Qafqazda son illərdə formalaşan yeni geosiyasi reallıq qlobal güclərin, bölgə dövlətlərinin və transmilli şirkətlərin diqqət mərkəzindədir. Bu region hazırda sadəcə enerji resurslarının ötürüldüyü tranzit zonası deyil, həm də yeni iqtisadi-siyasi əməkdaşlıq platformalarının formalaşdığı strateji mərkəzə çevrilir. Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizi – “Tramp sülh yolu” (TRIPP) layihəsi bu baxımdan əlahiddə əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı “Fox News” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər regiondakı yeni geosiyasi mənzərəni daha da aydınlaşdırıb. Dövlət başçısının vurğuladığı kimi, TRIPP-lə bağlı əldə olunmuş razılaşma heç kimə qarşı yönəlməyib və iqtisadi, nəqliyyat və logistika baxımından regiondakı bütün ölkələrin maraqlarına xidmət edəcək. Layihənin geosiyasi əhəmiyyəti, yaratdığı iqtisadi və siyasi üstünlükləri deməyə əsas verir ki, yeni yol yalnız regional deyil, qlobal tranzit sisteminin də vacib həlqəsinə çevriləcək. Bu mənada, TRIPP-in reallaşdırılması təkcə Azərbaycan, Ermənistan və ABŞ-nin deyil, Avropa İttifaqı, Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin də diqqət mərkəzindədir.
Dövlət başçısı İlham Əliyevin “Fox News” telekanalına müsahibəsində vurğuladığı kimi, yeni nəqliyyat bağlantısı beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olmaqla, uzunmüddətli əməkdaşlıq üçün platforma rolunu oynayacaq. “Tramp sülh yolu” layihəsi bir tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək, digər tərəfdən Ermənistan, Türkiyə, İran, Rusiya və Mərkəzi Asiya ilə Qərb bazarlarını birləşdirən marşrut kimi fəaliyyət göstərəcək.
8 avqust tarixli Vaşinqton razılaşmalarından dərhal sonra TRIPP layihəsinin icrası məqsədilə ABŞ və Ermənistan arasında birgə şirkətin yaradılması da xüsusi qeyd olunmalıdır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan avqustun 14-də keçirdiyi brifinqdə bildirib ki, “Səhmlərinin Ermənistan və ABŞ arasında bölünəcəyi şirkətin qeydiyyata alınması planlaşdırılır. Lakin bu, ABŞ-nin regionda mövcudluğu demək deyil”.
Azərbaycan üçün TRIPP yalnız iqtisadi motivli layihə deyil, həm də milli təhlükəsizlik məsələsidir. Naxçıvana maneəsiz keçidin təmini ölkəmizin daha bir əlahiddə şərtinin Ermənistan tərəfindən qeyd-şərtsiz qəbul olunması, eksklav vəziyyətində olan Naxçıvana alternativ quru yolu bağlantısının təmin edilməsidir. Bu razılaşma, eyni zamanda, Ermənistanla normallaşma prosesində mühüm etimad elementidir.
Naxçıvana maneəsiz keçidi təmin edəcək yola ABŞ şirkətinin nəzarət etməsi isə ikiqat üstünlük yaradır. Birincisi, bu, təhlükəsizlik və siyasi baxımından layihənin reallaşmasına mühüm təminatdır. Layihənin reallaşdırılmasına dünyanın ən aparıcı ölkələrindən birinin – ABŞ-nin investisiyasının cəlb olunması mümkün hərbi-siyasi təxribatların qarşısını bəri başdan alır.
“Zəngəzur dəhlizi”ni əsassız olaraq özünün “qırmızı xətti” adlandıraraq ölkəmizlə təhdid dilində danışmağa mənasız cəhdlər edən İranın son günlərdə tamam fərqli mövqedən çıxış etməsi və yumşalması deyilənləri təsdiqləyir. Ermənistanın TRIPP-lə əlaqədar ABŞ ilə imzaladığı, Azərbaycanın da dəstəklədiyi saziş əsasında inşa olunacaq yola İranın və ya digər üçüncü qüvvənin müdaxilə imkanının qarşısı birmənalı şəkildə alınıb. Digər tərəfdən, ABŞ-nin layihədə iştirakı Ermənistanda gələcəkdə hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, TRIPP yolu ilə bağlı razılaşmadan imtinanı mümkünsüz edir.
Tehran “Zəngəzur dəhlizi” ideyasına əsassız olaraq şübhə və narahatlıqla yanaşsa da, yaranmış yeni reallıqlar fonunda layihəni qəbul etmək məcburiyyətindədir. Əslində, bu marşrut ixrac və tranzit gəlirləri baxımından İran üçün də faydalı olacaq. Belə ki, TRIPP marşrutu yalnız Azərbaycanla Naxçıvanı birləşdirməyəcək, həm də İranın mövcud dəmir yolu və avtomobil xətləri ilə uzlaşaraq yeni tranzit şəbəkəsi formalaşdıracaq. Xüsusilə Naxçıvan-Culfa dəmir yolu xəttinin yenidən aktivləşdirilməsi İran üçün əlavə gəlir mənbəyi yaradacaq. Bu xətt vasitəsilə İran həm şimal istiqamətində Azərbaycan və Rusiya bazarlarına, həm də Qərb istiqamətində Türkiyə və Avropa bazarlarına çıxış əldə edəcək. Layihə Tehranın uzunmüddətli maraqlarına zidd deyil, əksinə, onu regional tranzit qovşaqlarından birinə çevirə bilər.
Layihənin vəd etdiyi iqtisadi dividend və digər perspektivlər təkcə Cənubi Qafqaz regionu ilə məhdudlaşmır. Yeni marşrut Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxışın daha qısa, təhlükəsiz və rentabelli variant deməkdir. Xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə Qərb bazarlarına çıxış imkanı qazanacaq. Uzaq Şərq ölkələri, xüsusilə Çin və Cənubi Koreya üçün TRIPP alternativ və səmərəli logistika marşrutu rolunu oynayacaq. Layihənin gələcəkdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə əlaqələndirilməsi isə daha böyük yük axınını özünə cəlb etməsinə zəmin yaradacaq.
Qeyd edilən amillər yeni layihənin qlobal əhəmiyyətini üzə çıxarır. Azərbaycan təşəbbüskarı olduğu bu layihə ilə həm coğrafi mövqeyindən, həm də siyasi nüfuzundan maksimum şəkildə yararlanaraq regional mərkəz rolunu möhkəmləndirəcək. Beləliklə, “Tramp sülh yolu” gələcəkdə çoxşaxəli əməkdaşlıq platformasına çevriləcək. Bu platforma üzərində formalaşacaq yeni iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar və təminatlar Cənubi Qafqazın uzunmüddətli sabitliyinə real töhfələr verəcək.
MTM Analitik Qrup