
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə, habelə paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, dünyanın geosiyasi mənzərəsində ciddi yeniliklərə yol açıb. Görüş zamanı əldə olunmuş tarixi uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsinin razılaşdırılmasıdır. Bu razılaşma ilə faktiki olaraq Ermənistan İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü daha bir mühüm öhdəliyi – şərti olaraq indiyədək “Zəngəzur Dəhlizi” adlandırılan bağlantını təmin etmiş olacaq. Ermənistanda sülhə qarşı olan daxili qüvvələrin siyasi manipulyasiya alətinə çevrilmiş “Zəngəzur Dəhlizi” termininin bundan sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” kimi adlandırılması ölkəmiz üçün texniki məsələdir. Əsas olan budur ki, “Tramp sülh yolu” – TRIPP vasitəsilə Azərbaycanın strateji hədəflərindən biri reallaşacaq, ölkəmiz Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid əldə edəcək. Xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın postmüharibə dövründə Naxçıvana dəhlizin açılmasına qarşı çıxması, müxtəlif bəhanələr irəli sürməsi danışıqlar prosesinə mənfi təsir göstərən, qarşılıqlı etimadı azaldan maneələrdən biri olub. Bu mənada, Vaşinqtonda əldə olunmuş razılaşmalar Ermənistan Konstitusiyasının ərazi iddialarına yol açan müddəalarının gələn il ərzində dəyişdirilməsindən sonra yekun sülh sazişinin imzalanmasına imkan verəcək. ABŞ Administrasiyası TRIPP-i kommersiya layihəsi kimi təqdim etsə də, bu təşəbbüsün geosiyasi çəkisi və strateji hədəfləri danılmazdır. Azərbaycanın eksklavı olan Naxçıvana maneəsiz nəqliyyat çıxışını təmin edəcək sülh və rifah yolunun 99 il müddətində ABŞ-yə icarəyə verilməsi isə həm siyasi, həm də təhlükəsizlik baxımından Azərbaycanın da maraqlarına cavab verir. Ermənistanla ABŞ arasında bununla əlaqədar əldə edilmiş razılaşma bu qlobal nəqliyyat zəncirinə qarşı çıxan bəzi ölkələrin, xüsusilə açıq təhdidlərə yol verən İranın neytrallaşdırılması deməkdir. Əslində, rəsmi Bakı kommunikasiya məsələsində qonşu İranın maraqlarını nəzərə alaraq, razılaşma əsasında “Şərqi Araz Dəhlizi” adlandırılan alternativ layihənin də icrasını təmin edir. Bu barədə razılaşma Azərbaycanla İran arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ilə rəsmiləşib və Araz çayı üzərindən ikisi dəmir yolu, ikisi avtomobil yolu olmaqla, yeni keçidlərin inşasını nəzərdə tutur. Layihənin icrası başa çatdıqdan sonra həm Naxçıvana, həm də digər istiqamətlərə yüklərin və sərnişinlərin fasiləsiz daşınması mümkün olacaq. İran tərəfi indiyədək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını təmin edəcək yolun yalnız öz ərazisindən keçməsini istəyir, dolayısı ilə Ermənistanın tranzit ölkə kimi regional iqtisadi sistemə qoşulmasına qarşı çıxırdı. Bununla rəsmi Tehran həm Ermənistanı iqtisadi cəhətdən asılı vəziyyətdə saxlamağa, həm də Orta Asiya və Uzaq Şərq üçün tranzit üstünlüyünü qorumağa çalışırdı. Lakin Azərbaycan İranla yanaşı, Naxçıvana Ermənistan ərazisindən də yol açılmasına nail olmaqla, daha bir tarixi uğura imza atdı, yeni regional nəqliyyat şəbəkəsinin formalaşmasına sanballı töhfəsini verdi. “Tramp sülh yolu” təkcə Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Çin və digər ölkələr üçün strateji əhəmiyyət daşıyır. 42 kilometrlik bu yol təkcə avtomobil və qatarların maneəsiz hərəkətinə deyil, eyni zamanda, enerji və telekommunikasiya xətlərinin keçidinə də imkan verəcək. Bu baxımdan layihə Vaşinqtonun regionda ticarət yönümlü sülh konsepsiyasının tərkib hissəsi kimi də dəyərləndirilir. Çəkiləcək yeni yolun strateji əhəmiyyəti regionda dayanıqlı sülhə təminat yaratması, etimad mühitini dərinləşdirməsi ilə ölçülür. Rəsmi Vaşinqtonun bu təşəbbüsü tərəfləri bir masa arxasında gətirməklə yanaşı, sülh naminə iqtisadi əməkdaşlıq mexanizmlərini də işə salıb. Əminliklə demək olar ki, Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişərək ticarət axınlarını sürətləndirəcək. Layihə Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, vətəndaşlarımızın qatarla Naxçıvana və Türkiyəyə səyahətinə imkan verəcək. Vaşinqtonda əldə olunmuş razılaşmalar Ermənistan-Türkiyə münasibətlərinin də zamanla normallaşmasına, sərhədlərin açılmasına zəmin yaradacaq. Azərbaycanın strateji yanaşması ilk gündən logistika və nəqliyyat layihələri vasitəsilə regionda gərginliyi azaltmaq, münasibətləri iqtisadi əməkdaşlıq müstəvisinə keçirmək olub. Bu baxımdan TRIPP yalnız Bakı və İrəvan üçün deyil, regionun digər aktorlarının da marağındadır. Üç ildən çox müddətdə davam edən Ukrayna-Rusiya müharibəsi fonunda regionda formalaşmış yeni geosiyasi konfiqurasiya bir çox ölkələri, eləcə də Şərq-Qərb marşrutu üzrə nəqliyyat, dəniz və dəmiryolu yükdaşımalarını həyata keçirən şirkətləri təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni dəmir və avtomobil yolları bu baxımdan kifayət qədər səmərəlidir. Ekspertlərə görə, TRIPP-in Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək. Layihə türkdilli ölkələr arasında iqtisadi-siyasi əlaqələri də gücləndirəcək, Türkiyəyə və Orta Asiyaya daha qısa və alternativ yol təqdim edəcək. “Tramp sülh yolu”nun gerçəkləşməsi işğalçı siyasəti üzündən təcrid şəraitində qalan Ermənistan üçün də yeni imkanlar yaradır. Belə ki, yolun istifadəyə verilməsi, dayanıqlı sülhün təmini Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli iqtisadi-ticari münasibətlərin yaranmasına səbəb olacaq. Geosiyasi rəqabət fonunda layihə həm siyasi və iqtisadi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyətə malikdir.
MTM Analitik Qrup