
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir. Bu təmas münaqişənin sona çatdırılması üçün yeni ümidlər yaratdığı üçün beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Çünki əldə edilən razılaşmalar danışıqların nəticəyönümlü olması istiqamətində təsəvvür yaradır və Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün ciddi maneələrin aradan qaldırıldığını deməyə əsas verir.
Amerika və Rusiya prezidentlərinin iki saat davam edən telefon danışığında bir sıra vacib məsələlər müzakirə olunub. Tərəflər enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər. Vladimir Putin Ukraynanın enerji infrastrukturuna hücumları 30 gün müddətinə dayandırmağa razılaşıb. Bu addım münaqişənin gərginliyini azaltmaq və humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Donald Tramp 30 günlük atəşkəs təklifi irəli sürsə də, Putin bunu qəbul etməyib. Lakin hər iki lider enerji və infrastruktur obyektlərinə hücumların dayandırılması ilə başlayan sülh prosesinin Qara dənizdə atəşkəs və tam atəşkəs üçün texniki danışıqlarla davam etdirilməsi barədə razılaşıblar. Təbii ki, dövlət başçıları əsirlərin mübadiləsi barədə də müzakirələr aparıblar. Danışıqlar nəticəsində Rusiya və Ukrayna arasında 175 hərbi əsirin qarşılıqlı mübadiləsi barədə razılıq əldə edilib. Bu humanitar jest tərəflər arasında etimadın artırılması üçün mühüm addım hesab olunur.
Danışıqların müsbət nəticələrinə baxmayaraq, bəzi əsas məsələlər hələ də həllini tapmayıb. Bunlardan birincisi Krımın statusu ilə bağlıdır. ABŞ administrasiyası münaqişənin həlli üçün Krımın Rusiya ərazisi kimi tanınmasını müzakirə edir. Bu, beynəlxalq hüquq və Ukraynanın ərazi bütövlüyü baxımından mübahisəli bir məsələdir və ciddi diplomatik müzakirələr tələb edir. Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski də Ukraynanın ərazi bütövlüyünün heç vaxt müzakirə obyekti olmayacağını bildirib və bu müstəvidə heç bir danışığa qoşulmayacağını bəyan edib. O, tələb edir ki, əldə ediləcək hər hansı sülh razılaşması mütləq Ukraynanın milli maraqlarına uyğunlaşdırılsın. Bu mövqe isə danışıqların gələcəkdə necə inkişaf edəcəyinə dair suallar yaradır.
Bundan əlavə, Vladimir Putin Qərbin Ukraynaya hərbi yardımının dayandırılmasını tələb edir. Bu, Rusiya Prezidentinin əsas tələbidir. Lakin ABŞ bu tələbi qəbul etməyib və Ukraynaya dəstəyini davam etdirir. Bu məsələ tərəflər arasında əsas fikir ayrılıqlarından biridir.
Rusiya Ukraynanın demilitarizasiyasını və 2022-ci ildən sonra işğal etdiyi ərazilərin öz nəzarətində qalmasını istəyir. Bu tələblər Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir və münaqişənin həlli üçün ciddi maneə yaradır. Xüsusilə də Avropa İttifaqı çərçivəsində danışıqlarda Rusiyanın mövqeyini gücləndirən addımların atılmasının gələcəkdə ağır nəticələrə gətirib çıxaracağı barədə ortaq mövqe var. Onlar, yəni Avropa İttifaqı və Böyük Britaniya cidd-cəhdlə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmaısna çağırışlar edir. Lakin ABŞ hələlik bu istiqamətdə qəti qərarını açıqlamayıb. Bütün bunlara baxmayaraq, Tramp və Putin arasında baş tutan son danışıqlar Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm addım olsa da, hələ də bir sıra çətinliklərin olduğunu göstərdi. Enerji infrastrukturuna hücumların dayandırılması və əsir mübadiləsi kimi humanitar addımlar, əlbəttə ki, etimadın artırılması üçün əhəmiyyətlidir. Lakin Krımın statusu, hərbi yardımın dayandırılması və ərazi məsələləri münaqişənin həlli üçün əsas maneə olaraq qalır.
MTM Analitik Qrup