
Vaşinqtonda keçirilən ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü həm regional, həm də beynəlxalq siyasət baxımından diqqətçəkən hadisə oldu. Bu görüşdən sonra ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə həmin tarixi anlardan çəkilmiş fotolardan ibarət xüsusi hədiyyə göndərməsi təbii ki, sadəcə rəsmi diplomatik jest deyil. Bu addımın təməlində şübhəsiz ki, simvolik və strateji mesajlar dayanır. Çünki beynəlxalq münasibətlərdə hədiyyələr çox vaxt təkcə rəsmi etiketin tələbi deyil, həm də siyasi mesajın daşıyıcısı olur. Fotoalbom və ya görüş anlarını əbədiləşdirən şəkillər liderlər arasında yaddaşın, qarşılıqlı hörmətin və xüsusi məqamların vurğulanması məqsədi daşıyır. Trampın Prezident İlham Əliyevə belə bir hədiyyə göndərməsi, Vaşinqton görüşünü tarixi məqam kimi qeyd etməklə yanaşı, ABŞ-nin Azərbaycanla münasibətləri möhkəmləndirmək niyyətinə işarədir.
Tramp administrasiyası tərəfindən Azərbaycan bir tərəfdən strateji enerji tərəfdaşı, digər tərəfdən isə regionun təhlükəsizlik sabitliyi üçün vacib oyunçu kimi qəbul edilir. Hazırda Bakı ilə əlaqələr real siyasi və iqtisadi maraqlara söykənir. Hədiyyənin Prezident İlham Əliyevə göndərilməsi də göstərir ki, ABŞ üçün Azərbaycan regional güc olaraq ön plandadır. Digər tərəfdən bu hadisə daha bir mühüm məqamı üzə çıxarır. Bildiyimiz kimi, Ermənistanla münasibətlərdə Vaşinqton hər zaman diasporun təsiri altında hərəkət edib. Hazırda isə bu məqamın bir qədər zəiflədiyi, əvvəlki kimi güclü təsir bağışlamadığı görünür. Bu da onu deməyə əsas verir ki, ABŞ-dəki erməni diasporunun Tramp administrasiyasına yersiz təzyiq imkanları xeyli zəifləyib.
Trampın Prezident İlham Əliyevə fotolar hədiyyə etməsi əslində, həm də onun özünə şəxsən yönəlmiş mesajdır. Tramp bununla görüşün uğurlu keçdiyini və ABŞ-nin Prezident İlham Əliyevi regional sülh prosesində əsas tərəfdaş kimi gördüyünü nümayiş etdirib. Bu, həm də liderlər arasında fərdi münasibətlərin önəmini vurğulayan jestdir. Çünki ABŞ diplomatiyasında şəxsi münasibətlər bəzən institusional yanaşmadan daha böyük rol oynayır. Fotohədiyyənin ən maraqlı tərəfi ondan ibarətdir ki, bu fotolarda Ermənistan rəhbərinin də iştirakı var. Bu, əslində, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin gələcəyi üçün ABŞ-nin vasitəçi rolunda qalmaq niyyətinə dair mesajdır. Tramp Prezident İlham Əliyevə göndərdiyi fotolarla həm də “biz bu prosesi izləyirik və dəstəkləyirik” demək istəyir.
Belə hədiyyələrə diplomatiya tarixində tez-tez rast gəlinir. Onlar hadisəni arxivləşdirməklə yanaşı, liderlərin yaddaşında emosional iz qoymaq üçün verilir. Prezident İlham Əliyev üçün də bu fotoalbomu sadəcə bir hədiyyə deyil, həm də ABŞ-nin sülh prosesinə verdiyi dəstəyin rəmzi kimi də qiymətləndirmək olar. Trampın bu addımı həm də gələcəkdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş simvolik siqnal kimi dəyərləndirilməlidir. Azərbaycan balanslı xarici siyasət yürüdərək həm Türkiyə, həm də Qərb dövlətləri ilə tərəfdaşlıq edir. ABŞ isə bu balansdan kənarda qalmaq istəmir. Fotohədiyyə məhz bu marağın kiçik, amma mənalı ifadəsidir.
MTM Analitik Qrup
