TOZ DUMANI ÇİN VƏ CƏNUBİ KOREYADAN SONRA YAPONİYAYA ÇATIB

Çinin şimal, mərkəzi və şərq bölgələrində aprelin 10-da müşahidə olunan toz dumanı Cənubi Koreyadan sonra Yaponiyaya çatıb.

Yaponiyanın Meteorologiya Agentliyi məlumat verir ki, Çin və Monqolustan ərazilərindəki səhralarda yaranan toz dumanı küləyin təsiri ilə şərqə doğru hərəkət edib. Toz dumanı aprelin 12-dən axam saatlarından etibarən Yaponiyanın şimal və qərb bölgələrində, habelə paytaxt Tokioda müşahidə olunur. Agentlik toz dumanının gün ərzində daha çox əraziyə yayılacağını proqnozlaşdırıb. Görmə məsafəsinin azalması ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib. Bu, 2021-ci ilin mayından sonra Yaponiya səmasında müşahidə olunan ilk toz dumanıdır.

Qeyd edək ki, aprelin 10-dan səhər saatlarından başlayaraq, Çinin şimal, ardınca şərq və mərkəzi bölgələrində səmanı toz dumanı bürüyüb. Milli Meteorologiya Mərkəzi qumlu toz dumanının səhralardan küləyin təsiri ilə gəldiyini açıqlayıb. Toz dumanı şimal-qərb küləyinin təsiri ilə aprelin 12-də səhər çağı Cənubi Koreya səmasına çatıb. Duman nəticəsində havada sağlamlıq üçün təhlükəli xırda toz hissəciklərinin konsentrasiyasının səviyyəsi ölkə üçün cari il üzrə rekord həddə çatıb.

Toz dumanı hazırda da Çinin şimal, mərkəzi və şərq bölgələrində, Cənubi Koreyada müşahidə olunur. Aprelin 12-də Çinin Meteorologiya Mərkəzi ölkənin böyük hissəsində müşahidə olunan toz dumanı ilə əlaqədar dördpilləli təsnifat cədvəli üzrə ən aşağı səviyyədə (“mavi”) xəbərdarlığı yeniləyib. Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi isə 17 şəhər və bölgə üzrə daha əvvəl elan edilmiş xəbərdarlıq səviyyəsini daha bir pillə yüksəldib. Proqnozlara görə, havadakı qum tozu aprelin 14-də gözlənilən yağışdan sonra təmizlənəcək.