TİM MEYLİON FIA-NIN YENİ İDMAN DİREKTORU TƏYİN OLUNUB

Beynəlxalq Avtomobil Federasiyasında (FIA) kadr dəyişiklikləri davam edir. İdman direktoru postuna Tim Meylion təyin olunub. Bu yaxınlaradək birnəfərlik maşınlar arasında keçirilən yürüşlər üzrə texniki direktor vəzifəsini tutan Tim Qossun da istefası məlum olub. Ehtimal ki, Qoss Formula 1 komandalarından birinə keçəcək.

“F1news.ru” saytında bildirilib ki, bu, FIA rəhbərliyində Stiv Nilsendən və “Qadınlar avtomobil idmanında” komissiyasına başçılıq edən Debora Mayerdən sonra üçüncü istefadır.

2021-ci ildən bəri federasiyada təhlükəsizlik üzrə direktor postunu tutan Meylionun vəzifəsi yüksəldilərək Nilsenin yerinə təyin olunub. Tim Qossu kimin əvəz edəcəyi hələ ki, məlum deyil.

Tim Meylion FIA-nın birnəfərlik maşınlar arasında keçirilən yürüşlər üzrə direktoru Nikolas Tombasisin tabeliyində işləyəcək. Meylion vaxtilə uzun müddət “Red Bull Racing” komandasında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Sauber”ə keçərək, orada baş yürüş mühəndisi təyin olunub. Sonra DTM kuzov seriyasında “BMW”nin zavod proqramının baş mühəndisi postunda işləyib. O, həmçinin Formula E-də də işləməyə macal tapıb, daha sonra 2019-cu ildə onu FIA-ya dəvət ediblər. Tim Meylion Kanadada doğulsa da, uzun müddətdir ki, Böyük Britaniyada yaşayır, orada universitet təhsili alıb və karyerasına avtomobil idmanı sənayesində başlayıb.

Tim Meylion bu barədə deyib: “Mən böyük məmnuniyyətlə idman direktoru rolunu üzərimə götürürəm. Biz Məsafədən İdarəetmə Mərkəzinin (ROC) dəstəyi ilə yürüşlərə rəhbərlik üzrə işləri əhəmiyyətli dərəcədə təkmilləşdirmişik. İndi mənim vəzifəm bütün bunları növbəti mərhələyə çıxarmaqdan ibarətdir. Biz, eləcə də çoxlu idman aspektlərinə yenidən baxılmaqla məşğul olacağıq. Mən bu işə getdikcə daha çox diqqət ayırmağa hazıram”.

FIA yürüşlərinin direktoru hələ də Nils Vittixdir. O, Meylionun tabeliyində olacaq.