İsraildə ingilis dilində nəşr olunan ən böyük qəzet – nüfuzlu “The Jerusalem Post” nəşrinin 23 iyun tarixli nömrəsində inkişaf etməkdə olan kiçik ada ölkələrinə (Small Island Developing Countries – SIDS) həsr olunmuş məqalə dərc edilib.
“Dərhal hərəkətə keçmək lazımdır: İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyi problemi ilə qarşılaşıb” sərlövhəli məqalənin müəllifi Vanuatu Respublikasının ilim dəyişikliyi üzrə xüsusi elçisi Ali Serimdir. O, coğrafi təcrid, təbii fəlakətlər, məhdud resurslar və iqlim dəyişikliyinin təsirləri daxil olmaqla, SIDS-in üzləşdiyi əsas problemləri ətraflı şəkildə araşdırır.
Müəllifin fikrincə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası SIDS tarixində yeni eradan xəbər verir. Məqalədə bu kontekstdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə hərtərəfli dəstək verən Azərbaycanın COP29 iqlim sammitinin sədri kimi roluna xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox həssas olan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli Azərbaycanın COP29-da sədrliyinin gündəliyində prioritet məsələlərdən biri olacaq.
Qəzet müəllifin “tarixi sənəd” adlandırdığı Bakı Kommünikesindən də ətraflı bəhs edir. Onun bu ilin may ayında Azərbaycan paytaxtında Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham adaları Birliyinin xarici işlər naziri tərəfindən imzalandığını xatırladan Ali Serim vurğulayır: “Kommünikedə qlobal istiləşmə fonunda artan ekzistensial təhlükələrlə üzləşən kiçik ada dövlətləri ilə COP29 çərçivəsində həyata keçirilən əməkdaşlıq və dialoqun təsdiqi iqlim dəyişikliyinə qarşı daha çox dayanıqlılığa, təcili qlobal fəaliyyətə və daha çox həmrəyliyə çağırır”.
Məqalənin sonunda qeyd edilir ki, SIDS-ə dəstək təkcə bu dövlətlərdə iqlim dəyişikliyinə reaksiya deyil, həm də planetin biomüxtəlifliyinin qorunması səylərinə töhfədir. Müəllifin fikrincə, iqlim dəyişikliyinin nəticələrindən ən çox zərər çəkən ölkələrdə maliyyə problemlərini həll etmək üçün xüsusi fond yaratmaq lazımdır. Nəşr bildirir ki, bu, iqlimin maliyyələşdirilməsinin əsas müzakirə mövzularından biri olacağı COP29 konfransının məqsədlərinə tam uyğundur.