Tehranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.
Tarixi Səadətabad sarayında keçirilən görüşdə Prezident İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əlaqələrə dair bir çox məsələlər ətrafında fikir mübadiləsi aparır. Türkiyə Prezidentini bu səfərdə müdafiə, enerji, maliyyə, milli təhlükəsizlik, daxili və xarici işlər nazirləri müşayiət edirlər. Nümayəndə heyətinin tərkibindən də göründüyü kimi prezidentlər yalnız iqtisadi əməkdaşlıq məsələsini deyil, regional və qlobal problemlərə də nəzərə salacaqlar.
Günortadan sonra Rusiya Prezidenti Vladimir Putinin də Tehrana səfəri gözlənilir. Rusiya nümayəndə heyəti barəsində ətraflı məlumat verilməsə də, onun geniş olacağı şübhəsizdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müzakirə olunacaq məsələlər yalnız qarşılıqlı əlaqələri deyil, daha geniş spektri əhatə edəcək.
İkitərəfli görüşlərdən sonra İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
Hazırda Səadətabad sarayı qarşısında toplanan jurnalistlər Türkiyə və İran prezidentlərinin ikitərəfli danışıqlarının sonunu gözləyir. İranın Prezident Administrasiyasının nümayəndəsi jurnalistlərə bildirib ki, prezidentlərin danışıqlarından sonra mətbuata açıqlama veriləcək.
Prezidentlərin səfəri ilə əlaqədar olaraq Tehranda bəzi yollarda hərəkət məhdudlaşdırılıb və çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Jurnalistlərin kamera və fotoaparatları olduqca ciddi şəkildə yoxlanılaraq saraya buraxılıb.
Buna baxmayaraq akkreditə olunan müxbirlər saraya daxil ola bilib və hazırda onlar görüşün nəticəsi barədə açıqlama gözləyirlər.