
Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinin uzanmasının Cənubi Qafqazda daha çox Ermənistanın zərərinə olduğu beynəlxalq ictimaiyyət tərəfindən də artıq mütəmadi şəkildə gündəmə gətirilir. İndiki şəraitdə problemin əsas etibarı ilə Ermənistandan qaynaqlanması da heç kimə sirr deyil. Məsələ burasındadır ki, Azərbaycan hələ İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Ermənistana sülh əlini uzadıb, müvafiq müqavilənin imzalanması üçün konkret təşəbbüslər irəli sürüb. Amma indiyə kimi Ermənistanın prosesi müxtəlif bəhanələrlə ləngitməsi sülh müqaviləsinin imzalanmasıan imkan verməyib. Halbuki, sözügedən müqavilənin imzalanması üçün Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən və sırf hüquqa əsaslanan iki şərti yerinə yetirməsi bəs edir.
Həmin məqamlarla bağlı Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla Budapeştdə mətbuata birgə bəyanatla çıxışı zamanı qeyd edib: “Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Təbii ki, bu şərtlərin yerinə yetrilməsi sülh müqaviləsinin imzalanmasını mümkün edəcək. Amma əməkaşlıq əlaqələrinin qurulması, münasibətlərin normallaşması üçün Ermənistanın digər addımlar atması da mühümdür. Məsələn, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycandan olan insanların öz doğma yurdlarına qayıtmasına şərait yaradılması əməkdaşlıq üçün münbit zəmin formalaşdırardı. Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın özü üçün də çoxsaylı dividendlər vəd edir, onun regional layihələrdə iştirakına imkan verir. Amma proseslər göstərir ki, Ermənistan daha çox müəyyən kənar qüvvələrin də diqtəsilə Zəngəzur dəhlizinin açılışını tezləşdirməkdə tərəddüd edir. Bu xüsusda yenə İran ən böyük maneə yaradan kənar tərəf qismində qalır.
İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani növbəti dəfə iddia edir ki, heç bir Zəngəzur dəhlizi olmayacaq. Burada səfir demək olar ki, Ermənistanın əvəzinə danışır, qərar verir. Buna şərait yaradan da təbii ki, Ermənistandır, daha doğrusu, İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmaması belə bir vəziyyət formalaşdırıb. İran səfiri isə bundan əvvəl də Zəngəzur dəhlizi ilə bağlı heç də regionda əməkdaşlığa, sülhə xidmət etməyən və Azərbaycanla mehriban qonşuluq prinsiplərinə zidd olan açıqlamalr verib. Məsələn, səfir qeyd edib: “Ermənistanın cənubunda, Zəngəzurda baş verən proseslər birbaşa İranın maraqları ilə bağlıdır və Tehranın beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini özünün qırmızı xətti hesab etməsinin səbəbi də məhz bununla bağlıdır… İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi coğrafi yaxınlığına və vahid geosiyasi məkanda yerləşməsinə görə həmişə bir-birinə bağlı olub”.
Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur, Zəngəzur dəhlizinin açılması isə İrəvanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəlikdir. Rəsmi Bakı bu öhdəliyin yerinə yetrilməsini istəyir. Bundan başqa, Zəngəzur dəhlizinə beynəlxalq miqyasda böyük maraq olsa da, bu marşrutun işə düşməsi dünyada tələbə çevrilsə də, onun açılması iki ölkədən – Azərbaycan və Ermənistandan asılıdır. Azərbaycanın bu məsələdə mövqeyi, yanaşması, təşəbbüsləri bəllidir. Bu halda Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı başqalarının onun əvəzinə qərar verməsinə şərait yaratması ilk nöbvədə bu ölkənin özünün hüquqlarını, suvernliyini ayaq altına atmasıdır.
İrana gəlincə, bu ölkə regionda kommunikasiya və nəqliyyat marşrutlarının açılmasını dəstəklədiyini desə də, əməldə tamam fərqli addımlar atır. İranın dəhlizin formalaşması ilə bağlı əks mövqeyinin müxtəlif səbəbləri var. Məsələn, İran iddia edir ki, Zəngəzur dəhlizinin formalaşması ilə İran Ermənistanla ümumi sərhədini itirəcək. Halbuki, bu iddianın heç bir əsası yoxdur. Tehran ondan da ehtiyat edir ki, Zəngəzur dəhlizinin tikintisi ilə İranı həm də tranzit əhəmiyyətindən məhrum edəcək. Halbuki, Zəngəzur dəhlizinin işə düşməsi İran üçün də yeni imkanlar deməkdir. Daha bir iddia odur ki, Çini Avropa ilə birləşdirməsi gözlənilən və Zəngəzurdan da keçən Şərq-Qərb dəhlizi İranın geostrateji üstünlüklərini şübhə altına alır. Yenə də bunun heç bir əsası yoxdur. Əksinə, Şimal-Cənub dəhlzində olduğu kimi İran Zəngəzur marşrutu ilə Şərq-Qərb dəhlizində də mühüm iştirakçı ola bilər.
Daha bir maraqlı məqam odur ki, Qərbi Zəngəzurdan keçən nəqliyyat xətlərinin açılmasını istəməyən İran öz ərazisindən alternativ marşrutun keçməsinə heç bir etiraz etmir. Hələ 2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb və ötən dövr ərzində onun icrası istiqamətində xeyli iş görülüb. Azərbaycandan İrana, buradan Naxçıvana keçən marşrut Cənubi Araz dəhlizi kimi tanınır. Cənubi Araz dəhlizi Ermənistanın transmilli layihələrdən kənarda qalması deməkdir. Amma hələ də Ermənistan rəhbərliyi bu həqiqəti qəbul etmək istəmir və nəticədə regionda özünü təcrid etməkdə davam edir. Təbii ki, bunun da ən böyük ziyanı yenə Ermənistanın özünə dəyir.
MTM Analitik Qrup