
BMT Baş Assambleyasının 80-ci sessiyasında İran Prezidenti Məsud Pezeşkianın çıxışı beynəlxalq siyasətdə mühüm rezonans doğuran bəyanatlardan birinə çevrilib. O, açıq şəkildə bildirdi ki, İslam Respublikası heç vaxt nüvə silahı yaratmaq niyyətində olmayıb və gələcəkdə də belə bir məqsəd güdməyəcək. İran Prezidentinin bu sözləri, ilk növbədə, beynəlxalq ictimaiyyətə ünvanlanan diplomatik mesajdır. ABŞ, İsrail və bəzi Qərb dövlətləri illərdir Tehranın nüvə proqramının hərbi məqsədlər daşıdığını iddia edirlər. Pezeşkianın bəyanatı bu ittihamlara qarşı həm ideoloji, həm də hüquqi cavab kimi qiymətləndirilə bilər. O, İslam Respublikasının “müdafiə strategiyasının” atom bombasına əsaslanmadığını vurğulayaraq, ölkəsinin mövqeyini BMT tribunasından legitimləşdirməyə çalışdı.
Yaxın Şərqdə nüvə silahı mövzusu həssas məqamdır. Rəsmi təsdiqlənməmiş iddialara görə, İsrail regionda nüvə arsenalına sahibdir. Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri isə texnoloji baxımdan nüvə enerjisi sahəsində sürətlə inkişaf edir. Belə bir şəraitdə İranın nüvə silahından imtina bəyanatı əslində region ölkələrinə ünvanlanan sakitləşdirici mesajdır. Bununla Tehranın əsas məqsədi qonşularını balanslı münasibətlərə çağırmaq və özünün “təhlükə mənbəyi” olmadığını göstərməkdir.
İranın nüvə bəyanatı Vaşinqtonla münasibətlər kontekstində də xüsusi əhəmiyyət daşıyır. ABŞ administrasiyası son illərdə Tehrana qarşı sanksiyaları əsasən nüvə proqramı ilə əlaqələndirib. Əgər İran rəhbərliyi bu mövqeyi ardıcıl şəkildə davam etdirsə və beynəlxalq müşahidəçilərə şəffaflıq imkanı yaratsa, gələcəkdə sanksiyaların yumşaldılması perspektivi ortaya çıxa bilər. Lakin İsrail uzun illərdir İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün “qırmızı xətt” hesab edir. Pezeşkianın çıxışı Tel-Əvivin mövqeyini dəyişməyəcək, əksinə, İsrail daha çox beynəlxalq təzyiq göstərmək üçün bu mövzunu gündəmdə saxlayacaq. Bununla belə, İranın diplomatik bəyanatı beynəlxalq auditoriyada müəyyən yumşaldıcı effekt yarada bilər və İsrailin arqumentlərini zəiflədə bilər. Onu da qeyd etməliyik ki, İranın nüvə silahından imtina bəyanatı həm də daxili iqtisadi maraqlarla bağlıdır. İllərdir tətbiq olunan sanksiyalar ölkənin iqtisadiyyatına ağır zərbə vurub. Yeni prezident Pezeşkian islahatçı imici ilə tanınır və o, İranı dünya iqtisadi sisteminə inteqrasiya etdirmək istəyir. Bu məqsədlə “təhlükəsizlik riskini azaldan” ritorikaya üstünlük verir. Nüvə bombası ilə bağlı qəti imtina bəyanatı da bu strategiyanın tərkib hissəsidir.
Xatırladaq ki, İran 1968-ci ildə qüvvəyə minmiş Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin iştirakçısıdır və hüquqi baxımdan nüvə silahı əldə etmək öhdəliyindən uzaq durur. Pezeşkianın bəyanatı bu beynəlxalq öhdəliklərin təsdiqi kimi də dəyərləndirilə bilər. Bununla İran həm beynəlxalq hüququn tərəfdarı olduğunu göstərir, həm də öz mövqeyini “qanuni əsasda” möhkəmləndirir. Bu baxımdan Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı İran diplomatiyasının yeni mərhələyə keçidinin siqnalı kimi qiymətləndirilə bilər. Onun bəyanatı həm region ölkələrinə, həm də qlobal güclərə ünvanlanmış mesajdır. Belə ki, Tehran nüvə bombası deyil, siyasi-diplomatik güc qazanmaq niyyətindədir. Bunun ardıcıllığı və praktik təsirləri isə gələcək aylarda beynəlxalq monitorinq, ABŞ-İran dialoqu və regiondakı güc balansının inkişafı fonunda daha aydın görünəcək.
MTM Analitik Qrup