TDT-NİN NÜMAYƏNDƏ HEYƏTİ UNECE İLƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİB

Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) ilə davamlı enerji, nəqliyyat və ticarət məsələlərini müzakirə edib.

Təşkilatın saytında bildirilib ki, TDT Baş katibinin müavini Ömər Kocamanın başçılıq etdiyi nümayəndə heyətinin UNECE-nin davamlı enerji sektorunun rəhbəri Dario Liquiti ilə görüşündə “Elektron TIR sistemi” və “eCMR” beynəlxalq yükdaşımaları sistemində cari ildə davamlı enerji, ticarət və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

UNECE-nin nümayəndəsi bildirib ki, BMT-nin bu qurumu TDT-nə üzv dövlətlərlə sıx əməkdaşlıqda maraqlıdır. Bu kontekstdə yeni birgə layihələrin həyata keçirilməsi tərəflərin hamısı üçün faydalı olar.

Sonra TDT-nin nümayəndə heyəti Orta Asiya və Qafqazdakı enerji əməkdaşlığına dair ESCAP-UNECE Proqramının təqdimatında iştirak edib. Ömər Kocaman bildirib ki, son illər qlobal enerji təhlükəsizliyinin təmin edilməsində TDT-nə üzv ölkələrin rolu daha da artıb.

Nümayəndə heyəti, həmçinin UNECE-nin davamlı enerji sektoru ilə birgə texniki iclas keçirib.