TDT-NİN HƏRBİ TƏLİMLƏRİNİN TƏŞKİLİ TƏŞƏBBÜSÜ QLOBAL GEOSİYASİ TƏHDİDLƏRƏ ADEKVAT CAVABDIR

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı regional təhlükəsizlik arxitekturasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Zirvə görüşünün “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunması məntiqi olaraq, hərbi əməkdaşlıq mövzusunu da gündəliyə gətirib. Təşkilata üzv ölkələr arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsini, birgə hərbi təlimərin keçirilməsi məsələlərini aktuallaşdırıb.

Hərbi güc müasir beynəlxalq münasibətlər sistemində hər bir dövlətin müstəqilliyini təmin edən əsas dayaqlardandır. Eyni zamanda, təhlükəsizlik amili hərtərəfli əməkdaşlığın və davamlı inkişafın mühüm şərtidir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu hazırkı şəraitdə TDT ölkələri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq xüsusilə zəruridir.

Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı bununla bağlı irəli sürdüyü təşəbbüs təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, təhlükəsizlik gündəliyinə yeni yanaşma kimi dəyərləndirilə bilər. “Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərin təşkili təşəbbüsü Azərbaycanın Türkiyə, Özbəkistan və Qazaxıstanla ikitərəfli və üçtərəfli formatlarda mövcud hərbi-texniki əməkdaşlığın genişlənməsini, keyfiyyətcə yeni müstəviyə keçməsini təmin edə bilər. Bu təklif, eyni zamanda, türkdilli dövlətlər arasında strateji inteqrasiyanın dərinləşməsi, birgə müdafiə taktikasıınn formalaşması, qarşılıqlı etimadın güclənməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri dövlətin hərbi gücünün, müstəqil qərarvermə iradəsinin, milli təhlükəsizlik konsepsiyasının effektivliyini göstərib. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündə irəli sürdüyü təklif göstərir ki, Azərbaycan postmüharibə dövründə arxayınlaşmır, əksinə, regional və qlobal dəyişiklikləri nəzərə alaraq müdafiə qabiliyyətini daha da gücləndirir.

Qlobal təhlükəsizlik sistemində baş verən təlatümlər, silahlanma yarışının intensivləşməsi göstərir ki, təhlükəsizliyə yalnız səmərəli xarici siyasət və diplomatik bəyanatlarla nail olmaq mümkün deyil. Modern ordu, texnoloji yeniliklərə əsaslanan müdafiə sənayesi və çevik təhlükəsizlik strategiyası və bu sahədə beynəlxalq əməkdaşlıq milli maraqların qorunmasında həlledici rol oynayır.

Azərbaycanın son illərdə beynəlxalq hərbi əməkdaşlığının genişlənməsi, xüsusilə TDT ölkələrindən Türkiyə, Özbəkistan və Qazaxıstanla hərbi-texniki əməkdaşlığın intensivləşməsi, keçirilən birgə təlimlər ölkəmizin bu sahədə fəal rolunu üzə çıxarır. Ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edən Azərbaycan  türkdilli ölkələr üçün etibarlı təhlükəsizlik sisteminin formalaşdırılmasında maraqlı tərəf kimi çıxış edir. Başqa sözlə, TDT ölkələrinin əməkdaşlığına, ortaq iqtisadi, ticari, nəqliyyat layihələrinə qarşı yönəlmiş təhdidlərin kollektiv şəkildə zərərsizləşdirilməsi aktual çağırışlarla şərtlənir.

TDT çərçivəsində əməkdaşlığın dərinləşməsi real mexanizmlərə, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan hərbi əməkdaşlıq modelinə keçidi şərtləndirir. Təşkilat son 15 ildə əsasən iqtisadi və humanitar sahələrdə inteqrasiya üstünlük təşkil edirdisə, indi təhlükəsizlik və müdafiə sferaları prioritet istiqamətlərindən birinə çevrilir. Bu, türk dövlətlərinin qlobal sistemdə müstəqil güc mərkəzinə çevrilməsi baxımından da həlledici əhəmiyyət kəsb edir.

Türkdilli dövlətlərin hərbi əməkdaşlığını zəruri edən digər mühüm amil onların geosiyasi mövqeyidir. Cənubi Qafqaz və Orta Asiya qlobal güclərin maraqlarının toqquşduğu məkanlardır. Bu regionlar enerji resursları, nəqliyyat dəhlizləri, kommunikasiya xətləri baxımından strateji əhəmiyyətə malikdir. Odur ki, TDT ölkələrində abitliyin və təhlükəsizliyin qorunması qlobal sülh və rifaha xidmət edir. Bu ölkələrin milli təhlükəsizliklərini yalnız daxili imkanlarla deyil, birgə müdafiə mexanizmləri vasitəsilə təmin etmələri kifayət qədər rasional yanaşmadır.

Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə gələn il keçiriləcək birgə hərbi təlimlər həm ordular arasında taktiki uyğunlaşmanı artıracaq, həm də müdafiə sistemlərinin qarşılıqlı inteqrasiyasına şərait yaradacaq. Ən əsası, bu təşəbbüs türkdilli dövlətlərin ortaq təhlükəsizlik platformasının formalaşmasına doğru mühüm addım kimi dəyərləndirilməlidir. Hərbi əməkdaşlığın dərinləşdirilməsi yalnız hərbi güc nümayişi deyil, həm də qlobal təhdidlərə qarşı adekvat cavabdır. Perspektivdə TDT Orta Asiya və Xəzər regionlarında sabitliyi və qlobal təhlükəsizlik sisteminin mühüm aktoruna çevrilə bilər.

Prezident İlham Əliyevin Qəbələ Zirvəsində irəli sürdüyü təklif Azərbaycanın strateji yanaşmasını təqdim edir: sülh, siyasi sabitlik yalnız ədalət və güc balansı üzərində qurulduqda davamlı ola bilər. TDT-nin müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlığı isə bu balansın təminatçısına çevrilmək potensialına malikdir.

MTM Analitik Qrup