TAYVANDA QƏZAYA UĞRAYAN F-16V QİRİCİ TƏYYARƏSİNİN QALIQLARI TAPILIB

Tayvanda xilasedici dəstələr adanın qərb sahilində qəzaya uğrayan F-16V qirici təyyarəsinə aid qalıqların bir hissəsini aşkarlayıb.

Tayvan Mərkəzi İnformasiya Agentliyinin məlumatına görə, təyyarəni idarə edən 28 yaşlı pilotun taleyi və onun katapultdan istifadə edib-etmədiyi məlum deyil.

Bir pilot tərəfindən idarə olunan F-16V qırıcı təyyarəsi təlim uçuşu zamanı radarlardan itib. Təyyarə Szyai bələdiyyəsi ərazisində yerləşən aviabazadan qalxdıqdan 30 dəqiqə sonra onunla əlaqə kəsilib. Şahidlər təyyarənin adanın qərbində Dunşi kəndi yaxınlığında dənizə düşdüyünü görüblər. Hazırda həmin ərazidə helikopter və katerlərin iştirakı ilə axtarış əməliyyatı davam edir.

Hadisədən sonra Tayvan Hərbi Hava Qüvvələri komandanlığı bu tip təyyarələrin uçuşlarının dayandırılması barədə göstəriş verib. Qəzanın səbəbləri hələlik müəyyən edilməyib. Təyyarə qəzaya uğrayan zaman hava şəraitinin normal olduğu bildirilir.