Azərbaycanda taxıl biçini ilə əlaqədar “Ən yaxşı mütəxəssis”, “Ən yaxşı mühəndis-mexanik”, “Ən yaxşı mexanizator”, “Ən yaxşı bölmə rəhbəri” müsabiqəsi elan olunub.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və “Aqroservis” ASC tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılması məqsədi daşıyır.
Müsabiqədə iştirak edəcək namizədlər yüksək peşə hazırlığına və əmək intizamına cavab verməli, biçin dövründə əldə etdiyi nəticələr yüksək olmalıdır.
Qalib gələn iştirakçılara ASİHİB-nin diplom və mükafatları veriləcək.
Qeyd edək ki, respublikada taxıl biçini yekun mərhələyə qədəm qoyub. Operativ məlumata görə, respublika üzrə əkin sahələrinin 90 faizindən çoxunda biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 907 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.