
Hər bir xalqın tarixində onun kimliyini, varlıq mübarizəsini və milli qürurunu təcəssüm etdirən günlər olur. Azərbaycan xalqı üçün bu günlərdən ən şərəflisi 8 Noyabr — Zəfər Günüdür. Bu tarix yalnız bir hərbi qələbənin deyil, həm də əsrlərlə davam edən ədalətsizliyə son qoyulmasının, torpaqla vətən arasındakı bağın bərpasının simvoludur. 2020-ci ilin payızında, düz 44 gün ərzində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində misilsiz əməliyyat həyata keçirdi. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu hərbi qələbə mənəvi zəfərin təntənəsi idi. Çünki bu savaşda təkcə silahlar deyil, ruh və iman da döyüşürdü.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın illərlə davam edən təxribatlarına, işğal siyasətinə və beynəlxalq hüquqa zidd addımlarına verilən tarixi cavab idi. Qısa müddətdə Azərbaycan Ordusu texnoloji, strateji və əməliyyat üstünlüyü ilə düşməni geri çəkilməyə məcbur etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, ardınca isə Şuşa azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması ilə İkinci Qarabağ savaşının taleyi həll olundu və həmin gün tarixə Zəfər Günü kimi düşdü. 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan kapitulyasiya aktına imza atdı. Ondan sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da bir güllə belə atılmadan azad edildi. Bu qələbə müstəqil Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Qazandığımız Zəfər həm milli ordunun gücünü, həm də xalq-dövlət birliyinin sarsılmazlığını göstərdi.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatı da Vətən müharibəsində qazanılan qələbə qədər əhəmiyyətlidir. Çünki bu əməliyyatın məqsədi bölgədə fəaliyyət göstərən erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi, qanunsuz hərbi infrastrukturun ləğvi və Azərbaycanın suverenliyinin tam bərpası idi. 24 saatdan da az davam edən əməliyyat yüksək dəqiqlik və peşəkarlıqla icra olundu, mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Nəticədə separatçı qurumun hərbi strukturları dağıdıldı, uzun illər separatizm ocağı olan torpaqlarda Azərbaycanın konstitusiya quruluşu bərpa olundu. Bu əməliyyat göstərdi ki, Azərbaycan artıq öz ərazisində qanunsuz silahlı qüvvələrin mövcudluğuna yol verməyəcək və dövlət suverenliyini tam şəkildə təmin etmək gücündədir. 2023-cü ilin antiterror əməliyyatı, əslində, 2020-ci il Zəfərinin tamamlayıcı mərhələsi oldu, Qarabağda dövlət nəzarətinin və ədalətin tam bərpasını təmin etdi.
Qələbədən keçən beş il ərzində Azərbaycan təkcə torpaqlarını deyil, regiondakı tarazlığı da bərpa etdi. İndi Azərbaycan Cənubi Qafqazın əsas söz sahibidir və hərbi-siyasi gücünü iqtisadi və diplomatik sahələrdə möhkəmləndirib. Qarabağa Böyük Qayıdış başlanıb, azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma prosesi aparılır, şəhərlər yenidən qurulur, aeroportlar, yollar və enerji infrastruktur obyektləri inşa olunur. Qarabağda “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyası həyata keçirilir.
Azərbaycan qazandığı parlaq zəfərdən sonra regional güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsləri və postmüharibə diplomatiyası regionda yeni əməkdaşlıq formatlarını formalaşdırıb. Zəngəzur dəhlizi ideyası Cənubi Qafqazın iqtisadi xəritəsini dəyişdirəcək strateji layihə kimi formalaşır. 44 günlük müharibə Azərbaycanın hərbi sistemini də yenidən formalaşdırıb. Orduda komanda-struktur islahatları, yerli istehsal texnologiyalarının artırılması və PUA, elektron müharibə sahələrində modernləşmə həyata keçirilir. İlk dəfə komando hərbi birləşmələri yaradılıb. Vaxtaşırı keçirilən hərbi təlimlər regionda güc balansını Azərbaycanın xeyrinə möhkəmləndirib.
Azərbaycan bu illərdə Qoşulmama Hərəkatına sədrliyi, COP29-un ev sahibliyi və enerji təhlükəsizliyi layihələri ilə qlobal miqyasda ön plana çıxıb. Bakı artıq Qərb və Şərq enerji marşrutlarının kəsişmə nöqtəsinə çevrilib. “Yaşıl enerji” sahəsində Qarabağ nümunəsi beynəlxalq səviyyədə “müharibədən sülhə keçid modeli” kimi göstərilir. Ermənistanla intensivləşən sülh danışıqları sülh müqaviləsinin paraflanması ilə nəticələnib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən 8 avqust Vaşinqton razılaşması sülh prosesinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu sənəd regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm diplomatik əsas yaradıb. Razılaşma ilə tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiyasını sürətləndirmək və sülh sazişinin imzalanması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər. Vaşinqton razılaşması həm də Qarabağ münaqişəsindən sonrakı reallıqların beynəlxalq legitimləşməsi baxımından əhəmiyyətlidir. Bu sənəd göstərir ki, Cənubi Qafqazda sülhün və inkişafın əsas şərti Ermənistanın Azərbaycanın suveren hüquqlarına hörmət göstərməsidir. Bu baxımdan 8 avqust razılaşması yalnız diplomatik addım deyil, həm də postmüharibə dövrü üçün siyasi etimadın bərpası və yeni regional düzənin qurulması istiqamətində mühüm dönüş nöqtəsidir.
Beləliklə, zəfərdən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələ bərpa, inkişaf və qlobal nüfuz dövrüdür. Artıq ölkəmiz hərbi-siyasi uğurları iqtisadi modernləşmə ilə birləşib. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Bu gün Azərbaycan xalqının millilik şüurunun yenidən doğulduğu gündür. Bu gün dövlətin suverenlik iradəsinin möhkəmləndiyi gündür. Bizim parlaq zəfərimiz təkcə keçmişimiz deyil, həm də gələcəyimizdir. Çünki azadlıq bir dəfə qazanılır, onu qorumaq, ona əbədi ömür vermək isə bütün nəsillərin müqəddəs borcudur!
