TARİX MUZEYİNDƏ “QLOBAL SAĞLAMLIQ VƏ XOŞ RİFAH” DEVİZİ ALTINDA ŞAHMAT SEANSI KEÇİRİLƏCƏK

Mayın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Qlobal sağlamlıq və xoş rifah” devizi altında fiziki məhdudiyyəti olan şəxslər üçün şahmat seansı keçiriləcək.

Bu barədə muzeydən məlumat verilib.

2020-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü hər il BMT-nin dayanıqlı inkişaf sahəsində müəyyən etdiyi bir sıra əsas müddəaları dəstəkləyir. Muzeylər cəmiyyətimizin rifahına və dayanıqlı inkişafına mühüm töhfə verir. İnsanlar muzeyləri sosial həyatın sütunu kimi qəbul edir və bu onları ardıcıl pozitiv dəyişikliklərin potensial bələdçisi edir. “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında mayın 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyi, Gənclər və İdman Nazirliyi Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi ilə “18 May – Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Qlobal sağlamlıq və xoş rifah” devizi altında fiziki məhdudiyyəti olan şəxslər üçün Beynəlxalq Qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.

Tədbir muzeyin böyük konfrans zalında olacaq.

Giriş sərbəstdir.