TƏRTƏR RAYONUNDA MİNA PARTLAYIŞI NƏTİCƏSİNDƏ ÜÇ NƏFƏRİN HƏLAK OLMASI İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB

Azərbaycan Respublikasının Baş Prokurorluğu Tərtər rayonunda mina partlayışı nəticəsində üç nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat verilib. İlkin araşdırma zamanı həmin ərazidə tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcək.