TƏLƏBƏLƏRİN KÖÇÜRÜLMƏSİ ÜZRƏ ELEKTRON SƏNƏD QƏBULU BAŞA ÇATIB

2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu iyulun 15-dən 22-dək “portal.edu.az” platforması üzərindən həyata keçirilib. Bu müddət ərzində ümumilikdə 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək məqsədilə müraciət edib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Hazırda köçürülmə prosesinin növbəti – müəssisə tərəfindən qiymətləndirmə mərhələsi başlanıb. Tələbələrin müraciətləri bu mərhələdə təhsil müəssisələri tərəfindən araşdırılır və müvafiq qərarlar qəbul edilir.

Təhsil müəssisəsi tərəfindən müsbət qərar verildiyi halda tələbənin şəxsi kabinetində “Təsdiq et” və ya “İmtina et” düymələrindən birini seçməsi tələb olunur. Tələbə “Təsdiq et” düyməsini seçərək yerdəyişməyə razılıq verdiyi halda proses rəsmiləşdirilmiş hesab olunur. Əks halda, müraciət qüvvədən düşür.

Bu səbəbdən tələbələrə şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə olunur.

İmtina cavabı alan şəxslər nəticələrin elan edilməsindən sonra 2 təqvim günü ərzində apellyasiya müraciəti təqdim edə bilərlər.