“TƏHSİL HAQQINDA” QANUNA EDİLƏN DƏYİŞİKLİKLƏR TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun- 20.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir:

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.”.

Həmçinin, aşağıdakı məzmunda 20.3-1-ci və 20.3-2-ci maddələr əlavə edilir:

“20.3-1. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

20.3-2. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.”.

– 21.3-cü maddənin ikinci cümləsi üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.”.

– 21.5-ci maddədə “yüksək nəticələrlə” sözləri “müvəffəqiyyətlə” sözü ilə, “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində” sözləri “bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən” sözləri ilə əvəz edilir.

Bundan başqa, qanuna aşağıdakı məzmunda 22.6-1-ci maddə əlavə edilir:

“22.6-1. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.”.