TƏBİƏTİN CANLANMASININ, BİRLİK VƏ BƏRABƏRLİYİN SİMVOLU OLAN NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.
Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.
Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.