Şuşaya ən qədim gediş-gəliş yollarının tarixi, şübhəsiz ki, qalanın bünövrəsinin qoyulması ilə başlayır. O dövrün daşlı-kəsəkli cığırları, araba, piyada, köç, karvan yolları şəhərə gedən bugünkü şose yolların ilkin forması olmuş, müxtəlif tarixi mərhələlər keçərək insanların və yüklərin daşınması üçün əsas vasitəyə çevrilmişdir.
Bu barədə Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyevin Şuşa yolları haqqında yazdığı məqalədə deyilir. Məqaləni təqdim edirik.
Şuşa qalasının salındığı ilk dövrlərdə Qarabağ xanlığının ərazisində yalnız primitiv yükdaşımalar həyata keçirilən yollar vardı və əsas nəqliyyat vasitələri at, qatır, uzunqulaq və dəvə idi. Bu yolların vəziyyəti heç də yaxşı deyildi. Hündür təpələrdən, dərin uçurumlu dərələrdən, buzlu aşırımlardan, qarlı dağlardan, qayalarda böyük çətinliklə və zəhmətlə oyulan dar dağ cığırlarından keçən yolların demək olar ki, hamısı qış vaxtı dumanlı-çiskinli olduğundan keçilməz yerlərə çevrilirdi. Olduqca əyri-üyrü, sərt və dik yoxuşları təxminən hər kilometrdən bir kələ-kötür enişlər əvəz edirdi. Ona görə də həmin yollardan gəlib-keçənlərin həyatı daim təhlükə qarşısında qalırdı. Onlar həm də çoxlu enerji sərf edir, vaxt itirir, bəzən də hansısa bir təsadüfi qəzanın qurbanı olurdular. Eyni zamanda, bu nahamar yollar nəqliyyat vasitələrini də əldən salır, sıradan çıxarırdı. Şuşaya gedən yolların bu xoşagəlməz vəziyyəti xanlığın ayrı-ayrı yaşayış məntəqələri, eyni zamanda, qonşu iri ticarət şəhərləri arasında əlaqəni zəiflədirdi. Bütün bunlar Şuşanın yolları üçün xarakterik hal idi. Digər tərəfdən də dağlıq şərait yeni yolların çəkilişini çətinləşdirir və ləngidirdi.
XVIII yüzilliyin axırlarına qədər Şuşa yollarının mənzərəsi belə idi. Həmin dövrdə Qarabağ paytaxtının getdikcə böyüməsi və burada ticarətin sürətlə inkişafı ilə əlaqədar Şuşaya bir çox nəqliyyat yollarının çəkilişinə başlanılmışdı. İlk və böyük torpaq yolu Gəncə xanlığı istiqamətində gedən “Kəhrat yolu” idi. Şuşanın şimal-şərq tərəfindən – “Kəhər atın yoxuşu” adlanan hissəsindən, daha doğrusu, “Kəhrat yarğanı”ndan, yaxud “Kəhrad dərəsi”ndən keçən bu kəsə torpaq yolu dağ-daş, qayalar çapılaraq çəkilmişdi. Buradan, əsasən, tacir karvanları, arabalar, faytonlar keçib gedirdi. Həmin dövrlərdə Qarqar çayı üzərindəki Ağa körpüsü, malıbəyli körpüsü, Xaçın, Tərtər çayları üstündəki körpülər də bu işə xidmət edirdi. Artıq qalaya gediş-gəliş üçün dörd əsas yoldan istifadə edilirdi. Onlardan biri Gorus kəndi vasitəsilə Naxçıvana, oradan da dağlıq yerlərdən keçib haçalanaraq Ordubada və İrəvana dönürdü. Bu yol da o qədər abad deyildi. Aran istiqamətində gedən digər üç yol isə nisbətən rahat idi. Biri Şuşadan Gəncəyə, ikincisi Kür çayını keçərək Şəkiyə, üçüncüsü isə Xudafərin körpüsü vasitəsilə İrana və daha uzaqlara gedirdi. Tiflisdən Naxçıvana və Təbrizə ən yaxın yol da Qarabağdan keçir və bu da ticarət əlaqələrinin asanlaşmasına geniş imkan yaradırdı. Şuşalı tacirlər mallarını Arazın o tayına və oradan digər ölkələrə aparmaq üçün əsasən Xudafərin körpüsünə qədər uzanıb gedən “Molla Nəsrəddin yolu”ndan istifadə edirdilər. Bu yol Araz çayı yaxınlığındakı eyniadlı körpünün adı ilə adlandırılırdı. Uzunluğu təxminən 60 kilometr olan “Molla Nəsrəddin yolu” Araz çayına qədər meşələrin arası ilə gedən kəsə karvan yolu idi və Yaxın Şərqin nəhəng ticarət yoluna çıxırdı. Həmin illərdə Şuşa artıq Qarabağdan keçən beynəlxalq ticarət yollarının birləşdiyi əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdi.
1805-ci il may ayının 14-də Rusiya imperiyası ilə Qarabağ xanlığı arasında bağlanılmış Kürəkçay müqaviləsində Şuşa-Gəncə yolunun əsaslı surətdə təmir olunması nəzərdə tutulurdu. Müqavilənin 6-cı maddəsində Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin öz üzərinə götürdüyü öhdəlikdə deyilirdi: “Şuşa qalasının Yelizavetpol tərəfdən yoxuşunu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verməlidir”. Qarabağ xanı öhdəliklərini yerinə yetirdi və onun faciəli qətli bu işləri bir müddət yarımçıq qoydu. Lakin Şuşaya gedən-gələn yollar, xüsusilə Gəncə magistralı vaxt keçdikcə dövrün tələblərinə uyğun olaraq dəfələrlə təmir edildi. Xeyli hissəsi genişləndirildi, yolun keyfiyyəti yaxşılaşdırıldı və hərəkət xeyli asanlaşdı. Sovet hakimiyyəti dövründə həmin yola asfalt döşəndi və nəqliyyatın inkişafına böyük şərait yaradıldı.
Şuşaya gedən karvan yollarının üstündə körpülərin salınması Qarabağda geniş yollar şəbəkəsinin yaranmasına səbəb oldu.
Şuşaya çəkilən sonuncu magistral “Zəfər yolu”dur. Hacıqabul-Horadiz, Ağbənd-Zəngəzur magistral avtomobil yolunun 149-cu kilometrliyindəki Əhmədbəyli kəndində başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndindən, Çaxmaq meşəsi və Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. İki hərəkət zolağından ibarət olan yol 2021-ci il oktyabrın axırlarında istifadəyə verilib.
Şuşaya ikinci avtomobil yolu Hacıqabul-Horadiz–Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrliyindən başlayır. Uzunluğu 81,6 kilometrdir, dörd-altı hərəkət zolağı var. Yol üzərində körpü və tunellər çəkilməsi nəticəsində yüksək sürət təmin olunacaq və “Zəfər yolu” ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.