ŞUŞANIN DİNİ TİKİLİLƏRİNİN TƏDQİQİ, QORUNMASI VƏ BƏRPASI PROBLEMLƏRİ ARAŞDIRILIR

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən “Qarabağ memarlıq abidələrinin qorunması və bərpası” mövzusu üzrə 6 müvafiq istiqamətlərdə tədqiqat işləri aparılıb.

Bu barədə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva məlumat verib.

Tədqiqatçı “Şuşa şəhəri” işinin “Şuşanın dini tikililərinin tədqiqi, qorunması və bərpası problemləri” mərhələsi üzərində çalışıb.

“44 günlük qələbədən sonra Şuşada aparılan dinc quruculuq işlərində şəhərin dini tikililərinin bərpası və qorunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Şəhərin 17 məhəllə məscidi erməni vandalları tərəfindən dağıdılıb, Merdinli və Mamayı məscidləri tamamilə yer üzündən silinib. Hər iki məscidin arxiv materiallarına əsasən yenidən inşasına qərar verilib. Yuxarı, Aşağı Gövhər Ağa və Saatlı məscidləri Heydər Əliyev fondunun maliyyə dəstəyi ilə bərpa olunub. Digər məhəllə məscidlərinin də mərhələlərlə bərpası nəzərdə tutulub. Mərhələnin yerinə yetirilməsi prosesində məscidlərin müharibədən sonrakı vəziyyəti araşdırılıb, dini tikililərin təsnifatı işlənib və tədqiqatların nəticələri kimi bərpa təklifləri təqdim olunub”, – deyə R.Əliyeva bildirib.