ŞUŞADA TULLANTILARIN İDARƏ OLUNMASI ÜÇÜN XÜSUSİ TEXNİKA VƏ KONTEYNERLƏRİN ALINMASINA DAİR MÜQAVİLƏ İMZALANIB

Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satın alınmasına dair müqavilə imzalanıb.

Bunu “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun Laçında keçirilən iclasında deyib.

O bildirib ki, artıq müqavilənin icrasına başlanılıb və nümunə olaraq yeraltı konteynerlər təqdim olunub.

“Hazırda “Şuşa istismar təmizlik sahəsi”də 14 nəfər işlə təmin edilib. 2022-ci il ərzində 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb. İşğaldan azad edilmiş ərazlərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanması və “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”ya inteqrasiyası ilə bağlı hazırlanmış yekun hesabat Azarbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Bundan başqa, 9 rayonda – Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün), Ağdam, Tərtər, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyənləşdirilib”.