ŞUŞADA MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ MEDİA FORUMU KEÇİRİLİR

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu işə başlayıb.

Forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub.

Azərbaycan mətbuatının 147 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Forumda çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib ki, bu gün Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır.

İ.Səttarov vurğulayıb ki, cəmi iki il əvvəl Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada kimlərsə özlərinin milli, mənəvi və dini ideyalarını təbliğ edir, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilən Şuşa ədalətin bərpa olunacağının rəmzidir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, bu gün 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

İcraçı direktor diqqətə çatdırıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğv edilməsi olub.

“Bu gün Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq”, – deyə Əhməd İsmayılov qeyd edib.

Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur.

R.Hacıyev deyib ki, yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, Fonda minlərlə həmvətənimiz, bir çox şirkətlər ianələr edib.

“Fond artıq bir neçə layihəyə maliyyə dəstəyi ayırmağa başlayıb. Bu layihələrin arasında Şuşa şəhərində üç tarixi abidənin bərpası və yenidən qurulması var. Bunlar Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Üzeyir Hacıbəylinin yenidən qurulan heykəli, Xalça Muzeyi və Yaradıcılıq Mərkəzidir. Mədəniyyət Nazirliyi ilə Ağdamdakı İmarət kompleksinin bərpası üzrə konsepsiya hazırlanır. Dövlət Turizm Agentliyi ilə Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması üzrə müəyyən işlər aparılır. Füzulidə Fondun birbaşa icra etdiyi 20 hektar ərazidə müasir “ağıllı” park salınır. Hələ ki, layihələndirmə işləri aparılır. Zəngilan rayonunda Ekologiya Nazirliyi ilə birlikdə 30 min ağac əkilir. Gələcəkdə isə daha 20 min ağac əkiləcək. Bu, Zəngilan şəhərinin girişində olan meşə massivinin bərpası layihəsidir”, – deyə Rəhman Hacıyev diqqətə çatdırıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxışında qeyd edib ki, idarə media nümayəndələri ilə sıx əlaqələr qurur. Şuşa şəhərindəki dağıntılar, bərpa və yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır və təbliğ edilir.

M.Abbasov qeyd edib ki, bu gün Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var.

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, bu il Milli Mətbuat Günündə yaraşan ən gözəl format 147-ci ildönümünün Şuşada keçirilməsidir. O deyib ki, ADA Universitetinin bir il əvvəl irəli sürdüyü təşəbbüslə tədris edilən ali ixtisaslar sırasına Kommunikasiya və rəqəmsal media əlavə olunub.

Qeyd edilib ki, ali təhsil müəssisələrində jurnalistika fakültəsi üzrə məzun olan tələbələrin hər biri Həsən bəy Zərdabinin davamçılarıdır.

Forum işini panel iclasları ilə davam etdirib.

Xatırladaq ki, forumda Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər şəxslərlə yanaşı, xarici media təmsilçiləri də iştirak edirlər.