ŞUŞA ŞƏHƏRİNDƏKİ ABİDƏLƏRİN “BƏRPA TƏLİMATI” VƏ ELEKTRON XƏRİTƏSİ HAZIRLANIB

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb: “Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır”.

Qeyd edilib ki, Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb. Bununla əlaqədar “Şuşa-Azərbaycan Mədəniyyətinin Paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.

Şuşa və Ağdam şəhərində yerləşən abidələr monitorinq olunub, təxirəsalınmaz mühafizə işlərinin aparılması zəruri olan bir sıra xüsusi əhəmiyyətə malik abidələr müəyyən edilmiş və onların siyahıları hazırlanıb.

Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud xəritə və arxiv sənədlər əsasında Şuşa şəhəri ərazisində yerləşən abidələr inventarlaşdırılaraq mövcud vəziyyətlərinə uyğun təsnifatlaşdırılıb, həmçinin koordinatları dəqiqləşdirilmiş və fotoşəkilləri çəkilib.