ŞUŞA QALASİ BƏRPA OLUNUR

Qala divarlarının bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tapşırığı əsasında həyata keçirilir. Bərpa prosesinə 22 mütəxəssis cəlb olunub.
İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.