“ŞUŞA İLİ” ÇƏRÇİVƏSİNDƏ HANSI TƏDBİRLƏRİN GÖRÜLMƏSİ PLANLAŞDIRILIR?

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa ili” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi tərəfindən “Tədbirlər planı” hazırlanır.

Bu barədə Mədəniyyət Naziriliyinin mətbuat xidmətinin əməkdaşı Məryəm Qafarzadə suallarını cavablandırarkən bildirib.

“Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada mədəniyyətin dirçəlməsi istiqamətində aparılan işlər çərçivəsində tarixi abidələrin, muzey və kitabxanaların, mədəniyyət müəssisələrinin bərpası nəzərdə tutulur. İl ərzində Şuşada yerli və beynəlxalq tədbirlərin, konsert və festivalların, mediaturların təşkili, yeni filmlərin çəkilişi planlaşdırılır. Şuşanın mədəni adət-ənənələrinin dirçəlməsi istiqamətində “Xarıbülbül”, “Vaqif Poeziya Günləri”, “Üzeyir Hacıbəyli Musiqi Festivalı” kimi ənənəvi mədəni tədbirlərlə yanaşı, bu il Xan qızı Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı Şuşada ədəbiyyat festivalı keçirilməsi də nəzərdə tutulur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi tərəfindən qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə də start verilib. Layihə yeddi istiqamətdən ibarətdir – “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”. Layihənin əsas məqsədi qədim tarixə malik olan Şuşa şəhərinin zəngin mədəniyyətinin daha geniş təbliğatını həyata keçirməkdir.