5 dekabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Şuşa ili çərçivəsində Azərbaycan və İtalyan gənc memarların Bakı Forumu”nun rəsmi açılış mərasimi baş tutub.
Tədbirdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ramil Həsən, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma və memarlıq şöbəsinin Memarlıq sektorunun müdiri Aytac Əkbərli, Komitə Aparatının Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin Ərazi planlaşdırılması sektorunda baş məsləhətçi Salehə Kərimova, media nümayəndələri, Azərbaycan və İtaliya gənc memarları və davamçılar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb, ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
3-8 dekabr tarixləri aralığında davam edən layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində professor-müəllim heyəti tərəfindən ingilis və italyan dillərində iki günlük emalatxana çalışmaları baş tutacaq və layihənin yekunu olaraq sərgi keçiriləcək. Sərgidə Azərbaycan və İtaliya gənc memarlarının təxəyyülünün nəticəsində ərsəyə gələn və gələcəkdə Şuşa şəhərində tikilməsi mümkün olan sosial obyektlərin eskizləri nümayiş ediləcək.