
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi “Süni intellekt… Biz burada geri qalmamalıyıq” fikri, təkcə texnoloji çağırışın ifadəsi deyil. Bu bəyanat, əslində, ölkənin gələcək inkişaf modelində yeni mərhələnin başlanğıcına işarə edir. Prezidentin çıxışı süni intellektin artıq sadəcə elmi-fantastik mövzu deyil, milli inkişafın strateji prioritetinə çevrildiyini göstərir. Dövlət başçısının “Biz hər zaman əsas aparıcı xəttin arxasınca gedirik və geri qalmamalıyıq” ifadəsi də Azərbaycanın texnoloji modernləşmə siyasətinin ideoloji mahiyyətini açır. Burada iki məqam xüsusi vurğulanmalıdır. Birincisi, qlobal trendlərlə ayaqlaşma, ikincisi isə milli intellektual potensialın səfərbər olunması.
Prezidentin “mainstream” anlayışına istinad etməsi də təsadüfi deyil. Bu, texnoloji modernizmin bir növ beynəlxalq kontekstə inteqrasiya çağırışıdır. Yəni süni intellekt təkcə daxili iqtisadi ehtiyacların deyil, həm də qlobal rəqabət gücünün təminat vasitəsidir. Yəni süni intellektin tətbiqi artıq yalnız “elmi istiqamət” deyil, o, həm də iqtisadi strukturun yenidən formalaşmasının mərkəzində dayanır. Artıq əmək bazarında transformasiya, istehsal proseslərinin avtomatlaşdırılması, dövlət idarəçiliyində qərar qəbuletmə mexanizmlərinin rəqəmsallaşdırılması süni intellektin iqtisadiyyatdakı reallığının göstəricisidir. Azərbaycan son illərdə “ağıllı şəhər”, “rəqəmsal dövlət”, “elektron hökumət” və “Azerspace” layihələri vasitəsilə bu sahəyə faktiki olaraq zəmin hazırlayıb. Prezidentin çıxışı isə bu proseslərin növbəti mərhələsini – süni intellekt əsaslı iqtisadiyyat dövrünü anons edir.
Prezident İlham Əliyevin çıxışını AMEA-nın yubileyi fonunda səsləndirməsi simvolik məna daşıyır. Bu, bir tərəfdən akademiyanın tarixi roluna hörmətin ifadəsidirsə, digər tərəfdən onun qarşısında yeni vəzifə qoyur. Belə ki, AMEA artıq klassik elmi mərkəz olmaqdan çıxmalı, rəqəmsal elmin strateji laboratoriyasına çevrilməlidir. Prezidentin Azərbaycan alimlərinin bu prosesdə fəal iştirakı ilə bağlı fikri göstərir ki, texnologiyanın idxalı ilə kifayətlənmək yox, yerli intellektual məhsul yaratmaq əsas hədəflərdən biridir. Yəni süni intellekt sahəsində yalnız istehlakçı yox, istehsalçı dövlət olmaq ideyası önə çıxarılır.
Dünya süni intellekt yarışı artıq strateji səviyyəyə çatıb. ABŞ, Çin, Cənubi Koreya, İsrail, Sinqapur kimi ölkələr süni intellekti milli təhlükəsizlik və iqtisadi müstəqillik məsələsi kimi dəyərləndirirlər. Azərbaycan üçün də bu yarışda geri qalmaq uzunmüddətli perspektivdə müstəqil iqtisadi və informasiya siyasətini zəiflədə bilər. Bunun qarşısını almağın yeganə yolu dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi, süni intellekt üzrə ixtisaslaşmış milli mərkəzlərin yaradılması, süni intellekt etikasının, kibertəhlükəsizlik və hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılmasıdır. Prezidentin “dövlət bu sahədə lazımi addımları atır” ifadəsi artıq institusional siyasətin mövcudluğuna işarədir. Azərbaycan gəncliyinin STEM istiqamətinə yönləndirilməsi, universitetlərdə süni intellekt ixtisaslarının yaradılması və beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq bu çağırışın praktiki tərəfləridir. Süni intellekt sahəsində yeni epoxanın başlanğıcı Azərbaycanın dövlət siyasətində post-neft dövrünün ideoloji çərçivəsini müəyyənləşdirir. Əgər neft əsri fiziki resurslara əsaslanırdısa süni intellekt əsri bilik və məlumat resurslarına söykənir. Bu məntiqdən çıxış etsək süni intellekt Azərbaycanın gələcək enerji mənbəyi olacaq, elm və texnologiya dövlətin iqtisadi mühərrikinə çevriləcək, alimlər isə yeni sərvət istehsalçıları kimi ön plana çıxacaqlar.
MTM Analitik Qrup
