Sumqayıt Texnologiyalar Parkı (STP)-AH MMC baş vermiş partlayışla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, 9 noyabr, 2021-ci il tarixində gecə saatlarında Sumqayıtda, STP Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib. Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.
“İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub.
Qeyd edək ki, STP Şirkətlər Qrupu üçün əməyin mühafizəsi və ətraf mühitin qorunması prioritet məsələdir. Bunun üçün şirkətdə ən müasir avadanlıqlar quraşdırılıb, texniki proseslər əməkdaşların sağlamlığını maksimum qoruyacaq formada tərtib olunur. Bütün bunlar Ətraf Mühit İdarəetmə və Əməyin sağlamlığının və Təhlükəsizliyinin qiymətləndirilməsi sisteminin beynəlxalq standartlarını nəzərdə tutan İSO18001 sertifikatı ilə təsdiqlənib” – deyə şirkətdən bildirilib.
Xatırladaq ki. dünən Sumqayıtda partlayışın baş verdiyi barədə yerli KİV-də məlumatlar yayılmışdı.