SUMQAYIT KİMYA SƏNAYE PARKININ ƏRAZİSİ GENİŞLƏNDİRİLİR – SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı iki ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.