
Ermənistanın radikal-revanşist qüvvələri xeyli müddətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin guya “Cermuk istiqamətində mövqelərini dəyişməsi və irəliləməsi” barədə yalan və əsassız informasiyaları dövriyyəyə buraxaraq informasiya manipulyasiyalarına yol verirlər. Hər iki ölkənin Müdafiə nazirlikləri təxribat xarakterli bu informasiyaları təkzib etsə də, həmin qüvvələr əllərində peyk materiallarının olduğunu bildirməklə, çaşqınlıq yaratmağa, bu məkrli təbliğatı davam etdirməyə çalışırlar.
Aşkar görünür ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması, 17 maddədən ibarət Yekun Sülh Sazişinin layihəsinin paraflanması və “Tramp sülh yolu”nun razılaşdırılması həmin radikal-revanşist qüvvələrə ciddi zərbə olub. Bu razılaşmaların son günlərdə əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilməsi, alqışlanması fonunda həmin qüvvələrin onsuz da son dərəcə məhdud sosial bazasını itirmələri, sarsıdıcı zərbə almaları aydın görünür. Gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində Nikol Paşinyan komandasının sülh istiqamətində əldə etdiyi nəticələr və Ermənistan cəmiyyətində mütləq çoxluğun Azərbaycanla sülhə tərəfdar olması radikal-revanşist qüvvələrin hakimiyyət iddiaları qarşısında ciddi sipər çəkir. Bu qüvvələr nüfuz və mövqelərini itirdiklərini anlayaraq ictimai rəyə təsir göstərmək üçün təxribat xarakterli məlumatlar yaymağa, ciddi şəkildə irəliləyən sülh prosesinə ictimai və “beynəlxalq etimadsızlıq” yaratmağa cəhd edirlər.
Ermənistandakı revanşist qüvvələrin “Yerkir”, “Pastinfo” və “Sputnik Armenia” kimi nəşrlərə ötürdükləri dezinformasiyalarda iddia olunur ki, guya Azərbaycan Silahlı Qüvvələri Cermuk yaxınlığında Ermənistan mövqelərindən birini ələ keçirib və ya neytral zonada irəliləyib. Hətta saxta “peyk görüntüləri”, “pilotsuz uçan aparatların uçuş marşrutları” da “sübut” kimi təqdim olunur. Halbuki, Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri ardıcıl şəkildə təkzib edir, yayılan məlumatların “reallığa uyğun gəlmədiyini” bildirir. Bu, bir daha təsdiq edir ki, radikal dairələrin təxribat kampaniyasının tərkib hissəsi olan dezinformasiyalar həqiqətdən uzaqdır.
Əslində, sülh prosesində hansısa nəticə əldə olunan kimi bu cür əsassız informasiyaların dövriyyəyə buraxılması bizim üçün yenilik də deyil. Radikal-revanşist qüvvələr uzun illərdir ki, Azərbaycanı regionda guya “sülh istəməyən və hərbi təzyiq dilində danışan” tərəf kimi qələmə verməyə çalışırlar. Bu isə həm Ermənistan ictimaiyyətində sülhə inamsızlıq yaratmaq, həm də beynəlxalq auditoriyaya Azərbaycanı haqsız tərəf kimi göstərmək cəhdidir.
İndi isə vəziyyət onların gözləntilərindən tam fərqli formada inkişaf edir: beynəlxalq ictimaiyyət Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, Ermənistan hökuməti isə illərlə əlçatmaz görünən razılaşmalara imza atır. Bu reallıq revanşist dairələri çıxılmaz vəziyyətə salır. Onlar anlayırlar ki, əldə edilən razılaşmalar Ermənistanın gələcək siyasi arxitekturasını tamamilə dəyişdirir. Münaqişə səhifəsi bağlanır və regionda dayanıqlı əməkdaşlığın təməli qoyulur. Bu həm də revanşist-radikal qüvvələrin, etnik-milli qarşıdurmaya sövq edən köhnə ideologiyanın iflası deməkdir.
Ermənistan cəmiyyətində “Qarabağ klanı” kimi tanınan siyasi qruplaşma – Robert Köçəryan və Serj Sarkisyan “cütlüyü” məhdud ictimai dayaqlarını da sürətlə itirir. Onların son illərdə qisas və yeni müharibə ritorikası üzərində qurduqları təbliğat puça çıxıb. Sülh prosesinin ciddi şəkildə irəliləməsi, iqtisadi inteqrasiyanın gündəmə gəlməsi, beynəlxalq birliyin hər iki ölkəni alqışlaması, ABŞ amilinin önə çıxması həmin qüvvələrin elektoratını minimuma endirib. Onlar yaxşı anlayırlar ki, gələn il keçiriləcək parlament seçkilərində ictimaiyyətin dəstəyini qazanmaq şansları yox dərəcəsindədir. Buna görə də informasiya təxribatlarına rəvac verməklə siyasi gündəmdə qalmağa uğursuz cəhdlər edirlər.
Azərbaycanın guya Cermuk istiqamətində “yeni mövqeləri ələ keçirməsi” barədə yalan xəbərlərin ortaya atılması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və danışıqlar prosesinə sadiqdir. Ümumilikdə, Azərbaycan Ordusunun sərhəd boyunca həyata keçirdiyi mühəndis işləri və yeni mövqelərin yaradılması sırf müdafiə xarakteri daşıyır və ölkəmizin suveren ərazisində aparılır. Bu fəaliyyət beynəlxalq hüququn prinsiplərinə tam uyğun şəkildə icra olunur.
İndi Ermənistan daxilində bir tərəfdə ölkəni sülhə aparmağa çalışan hökumət, digər tərəfdə illərlə savaşı, qeyri-sabitliyi təşviq edən, indi isə siyasi dayaqlarını itirən radikal qüvvələr dayanır. Bu mübarizənin nəticəsi isə artıq indidən bəllidir: Vaşinqton razılaşmalarından sonra radikal qüvvələrin iflası qaçılmazdır. Onlar informasiya təxribatları ilə ictimai rəyə təsir göstərmək istəsələr də, Ermənistanda böyük əksəriyyət sülhün alternativi olmadığını anlayır.
Reallıq ondan ibarətdir ki, artıq geriyə yol yoxdur. Sülh prosesi irəliləməkdə davam edir və regionun gələcəyi üçün başqa alternativ mövcud deyil. Azərbaycan və Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradacaq, radikal qüvvələrin isə bu reallıqda yeri olmayacaq. Onların bütün cəhdlərinə, təxribatlarına baxmayaraq, sülh prosesini geriyə çəkmək artıq mümkünsüzdür.
MTM Analitik Qrup