
Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatı regionda yeni siyasi mərhələnin başlandığını göstərir. Onun “Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki biz müstəqilliyin ilk günündən münaqişə vəziyyətində olmuşuq” sözləri təkcə tarixi etiraf deyil, həm də onun siyasi proseslərə yanaşmasının dəyişdiyini göstərir. Paşinyan bu bəyanatla həm öz ölkəsinin kollektiv yaddaşına, həm də Ermənistanın gələcək siyasi kursuna yönəlik çağırış edib. Onun son çıxışındakı “sülhü qorumaq və institutlaşdırmaq” fikri diqqəti daha çox cəlb edir. Ermənistanın siyasi leksikonunda “institusionallaşdırma” termini indiyədək əsasən Qərb dəyərləri və demokratik islahatlarla bağlı işlədilirdi. Lakin Paşinyan onu sülh ideyasına tətbiq etməklə yeni bir ideoloji platforma yaradır. Bununla Paşinyan demək istəyir ki, sülh sadəcə müqavilə deyil, siyasi mədəniyyətdir. Sülhü qorumaq üçün cəmiyyətin və dövlət institutlarının təfəkkürü dəyişməlidir. Digər tərəfdən seçkilər artıq iqtidar uğrunda mübarizə deyil, müharibə ilə sülh arasında seçimdir. Baş nazirin “erməni xalqı öz seçimi ilə sülhü müdafiə etməlidir” ifadəsi bu məntiqlə səslənir. Paşinyan 2026-cı il parlament seçkilərini “sülhün referendumu”na çevirməyə çalışır. O, faktiki olaraq seçiciyə deyir ki, “məni sülh kursuna görə dəstəkləyin, yoxsa Ermənistan yenidən keçmişin forpost siyasətinə qayıdacaq”.
Paşinyanın “forpost məntiqinə qayıtmaq” ifadəsi həm Ermənistanın Rusiya asılılığını, həm də köhnə siyasi elitanın düşüncə tərzini hədəf alır. Bu sözlərlə o, dolayısı ilə Robert Koçaryan, Serj Sarkisyan və Moskvayönlü dairələrə mesaj verir və açıq şəkildə bəyan edir ki, Rusiyanın forpostu olmaq Ermənistanı nə təhlükəsizlikdə, nə də rifahda saxlamadı. İndi o, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa, Qərblə, xüsusən ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı müstəqil seçim kimi təqdim etməyə və bütün bunları “sülhün müdafiəsi” adı altında legitimləşdirməyə çalışır.
Paşinyanın çıxışında xüsusi yer tutan məqamlardan biri avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı razılaşmadır. Paşinyanın bu razılaşmanın artıq nəticələr verdiyini deməsi onun real icra mərhələsinə keçdiyini göstərir. Baş nazir konkret olaraq Marqara-Yexeqnadzor-Sisian-Gorus marşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük tranzitinə razılıq verdiklərini açıqladı. Bu, region üçün bir neçə mühüm nəticə doğurur. Belə ki, Zəngəzur dəhlizi anlayışının yeni forması yaranır. Artıq məsələ “dəhliz” deyil, qarşılıqlı tranzit məntiqi üzərində qurulur. Bu, Bakı üçün də, Ankara üçün də mühüm diplomatik qələbədir, çünki İrəvan blokadanı faktiki ləğv edir, amma suverenliyini formal olaraq qoruyur. Digər tərəfdən Ermənistanın Türkiyə ilə normallaşması praktik mərhələyə keçir. Bu addım Paşinyanın Ankara ilə diplomatik münasibətlərin bərpasına hazırlıq siqnalıdır. Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi həm daxili sosial təzyiqləri azaldacaq, həm də Ermənistan iqtisadiyyatını Rusiya asılılığında qurtaracaq. Ən əsası isə Azərbaycan-Ermənistan münasibətləri real əməkdaşlıq mərhələsinə daxil olur. Paşinyanın qərarının Prezident İlham Əliyevin Ermənistan üçün yük tranzitinin ləğvi ilə bağlı bəyanatına cavab olaraq verildiyini deməsi regionda qarşılıqlı etimadın yaranmağa başladığını göstərir.
Paşinyanın bəyanatı həm də Azərbaycan üçün yeni imkanlar açır. Birincisi, kommunikasiyaların bərpası Azərbaycanın regiondakı logistik üstünlüyünü möhkəmləndirəcək. İkincisi, sülh müqaviləsinin institutlaşdırılması prosesi Bakının da maraqlarına cavab verir, çünki qeyri-müəyyənlik dövrü iqtisadi inkişafı ləngidə bilər. Üçüncüsü, Paşinyanın sülh kursu revanşist qüvvələrin zəifləməsi deməkdir ki, bu da gələcəkdə sərhədlərin demarkasiyası və delimitasiyasına təkan verə bilər. Bununla da Paşinyanın son çıxışı bütün dövlətin tarixi yönünün dəyişdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. O, xalqını müharibə psixologiyasından çıxarmağa çalışır. Çünki sülh Ermənistan üçün artıq bir seçim deyil, varlıq məsələsidir.
MTM Analitik Qrup
