SÜLH, AMMA NECƏ?

Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski dörd il davam edən qanlı toqquşmadan sonra ilk dəfə bir masa ətrafında oturacaq. Bu danışıqlar təkcə iki ölkə arasında deyil, həm də qlobal güc balansında yeni mərhələnin başlanğıcı ola bilər. Görüş Türkiyənin diplomatik fəallığı ilə gerçəkləşir və ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh təşəbbüsü fonunda baş tutur. Sülh prosesində görüşün yaradacağı təsirə keçməzdən əvvəl qeyd edək ki, Türkiyə son illərdə beynəlxalq siyasətdə “neytral vasitəçi” mövqeyini möhkəmləndirməyə çalışır. 2022-ci ilin martında İstanbulda keçirilən Rusiya-Ukrayna nümayəndə heyətləri arasındakı danışıqlardan sonra tərəflərin yenidən görüşünün reallaşması məhz bundan xəbər verir. Artıq bu dəfə tərəflər birbaşa liderlər səviyyəsində görüşəcək. Ankara bu təşəbbüslərlə həm regionda güc mərkəzi statusunu möhkəmləndirir, həm də NATO daxilində öz manevr imkanlarını artırmağı hədəfləyir. Bu görüş Ərdoğan hökuməti üçün həm də daxili siyasətdə vacib imic addımıdır. Digər tərəfdən Türkiyə həm Rusiyaya, həm də Ukraynaya qarşı balanslı siyasət yürüdərək hər iki tərəfin etibarını qazanıb. Məsələn, dron satışında Ukraynanın tərəfində olan Ankara, digər yandan Rusiyaya qarşı sanksiyalara qoşulmayaraq iqtisadi əlaqələrini qoruyub saxlayır.

Danışıqların gündəmində üç əsas məsələ – atəşkəs və cəbhə xəttinin dondurulması, yəni hərbi əməliyyatların dayandırılması və cəbhənin 2023-cü ilin sonuna olan vəziyyətdə sabitləşdirilməsi; zəmanətli təhlükəsizlik mexanizmləri, yəni Ukraynanın neytral statusa yaxın bir formaya razı salınması qarşılığında beynəlxalq təhlükəsizlik zəmanətləri və ərazi məsələləri, yəni Krım, Donetsk və Luqanskın hüquqi statusuna dair çərçivə dialoqunun başlanması yer alır. Ən mürəkkəb məsələ ərazi bütövlüyü ilə bağlıdır. Rusiya Krımı “bağlanmış məsələ” kimi təqdim etsə də, Zelenskinin komandasının bu məsələdə güzəştə gedəcəyi real görünmür. Ancaq Ukrayna cəmiyyətində yorğunluq və Qərbdə dəstəyin nisbətən zəifləməsi fonunda Kiyevin daha praqmatik mövqe sərgiləməsi ehtimalı çoxdur.

Bu arada Tramp adminstrasiyasının bu görüşün baş tutması üçün bütün qüvvələrini səfərbər etdiyini bildirilir. Onun planı rəsmi şəkildə açıqlanmayıb, lakin Trampın Rusiya-Ukrayna münaqişəsinə münasibətinin üç əsas prinsipə əsaslandığı məlumdur. O, Ukraynanın NATO-ya üzvlüyündən imtinası və neytral statusu qəbul etməsi, Donbas və Krımın faktiki olaraq Rusiyanın nəzarətində qalmasına göz yumulması və ABŞ-ın Ukraynaya hərbi yardımını kəskin şəkildə azaltması qarşılığında Rusiyanın hücumlarının dayandırılması istiqamətində işləyir. Bu model əslində Rusiyanın əsas tələblərinə uyğun gəlir. İstanbul danışıqlarının Trampın xəritəsini təsdiqləyəcək məcrada irəliləməsi isə onun mövqelərinin bundan sonrakı proseslərdə güclənməsi ilə nəticələnə bilər. Eyni zamanda, Putin də bu reallığı dərk edərək danışıqlarda “tam qələbə” deyil, “bazarlıq predmeti” əldə etməyə çalışır. Ona görə də əgər İstanbul görüşü minimal nəticələrlə başa çatsa belə, Tramp üçün bu, “mən olmasaydım bu görüş də olmayacaqdı” mesajını daha gur səsləndirmək fürsəti olacaq.

Görüş rəsmi olaraq ikitərəfli xarakter daşısa da bu, bir çox beynəlxalq aktorların kənardan izlədiyi prosesdir. Hələlik heç kim Türkiyənin təşəbbüsünü sabotaj etmir. Avropa İttifaqı sülhə meyilli istənilən təşəbbüsə dəstək verməyə hazır olduğunu bildirir, bununla da iqtisadi yükləri azaltmağa çalışır. Çinin bu prosesə dair səssizliyi diqqət çəkir. Pekin həm Rusiya ilə strateji yaxınlığı qorumağa, həm də Qərblə iqtisadi münasibətləri riskə atmamağa çalışır. Beləliklə, Çin də bu görüşdən çıxacaq nəticələri gözləmə mövqeyindədir. Beləliklə, İstanbul danışıqları real nəticələrdən çox, diplomatik nəbz yoxlaması funksiyasını daşıya bilər. Amma bu cür görüşlərin özü belə artıq bir irəliləyiş sayılır. Hər iki liderin – Putinin və Zelenskinin – daxildə də, beynəlxalq aləmdə də mövqelərini yenidən möhkəmləndirmək üçün sülh ritorikasına ehtiyacları var.

MTM Analitik Qrup