SUDANIN SUVEREN KEÇİD ŞURASININ SƏDRİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI MƏKTUBU ÜNVANLAYIB

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı məktubunda deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.

Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz, həmçinin bu dəhşətli hadisə zamanı xəsarət alanların tezliklə və tam sağalmaları üçün dua edirik.

Bu kədərli vaxtda mən Sudan hökumətinin və xalqının Azərbaycan Respublikası ilə davamlı həmrəyliyini bir daha təsdiq edirəm. Uca Allahdan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.