SU TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI DAYANIQLI MİLLİ İNKİŞAF ÜÇÜN MÜHÜM MƏSƏLƏYƏ ÇEVRİLİB

Demoqrafik artım, sənaye və kənd təsərrüfatı sahələrinin dinamik inkişafı şəraitində su mənbələrinin zənginliyi, əlçatan olması, bu sahədə artan tələbatın  ödənməsi müasir dövrdə hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Qlobal istiləşmə, kəskin iqlim dəyişiklikləri fonunda yağıntıların və su ehtiyatlarının azalması bir çox ölkələr üçün ciddi problemlər yaradaraq, Azərbaycana da təsirsiz ötüşməyib. Məhz bu səbəbdən ölkənin su ehtiyatlarının qorunması və səmərəli idarə olunması, bu sahədə dayanıqlı sistemin qurulması hökumət qarşısında əsas vəzifələrdən biri kimi müəyyən edilib.

Prezident İlham Əliyevin Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu strateji yanaşmanın aydın ifadəsidir. Dövlət başçısının çıxışının ümumi məğzi göstərir ki, su məsələsi kommunal problem olmaqla məhdudlaşmayıb, bilavasitə ölkənin sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi və ekoloji tarazlığı ilə bağlı məsələdir. Qlobal miqyasda su qıtlığının dərinləşməsi fonunda Azərbaycanın öz resurslarına daha məsuliyyətlə yanaşması, mövcud imkanları maksimum dərəcədə səmərəli istifadə etməsi son dərəcə vacibdir.

Bu reallıqlar nəzərə alınaraq son 20 ildə bir sıra qabaqlayıcı addımlar atılıb, vaxtında görülmüş işlər mümkün risklərin qarşısını xeyli dərəcədə alıb. İri su anbarlarının inşası və modernləşdirilməsi, magistral su kəmərlərinin çəkilməsi, şəhər və rayon mərkəzlərinin içməli su, kanalizasiya sistemləri ilə təmini layihələri ölkənin su təhlükəsizliyinin təminatında mühüm rol oynayıb. Taxtakörpü su anbarının müasirləşdirilməsi, Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasında, Bakı şəhərinin su ilə təminatında ciddi dönüş yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər bu infrastruktur vaxtında qurulmasaydı, bu gün xüsusilə Bakı və Abşeron yarımadasında vəziyyət xeyli ağır ola bilərdi: “İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi”.

Su təhlükəsizliyi Azərbaycanın coğrafi və hidrologiya xüsusiyyətləri baxımından da həssas məsələdir. Ölkənin əsas su mənbələrinin böyük hissəsi transsərhəd çayların payına düşür və Azərbaycanı xarici amillərdən müəyyən dərəcədə asılı vəziyyətə salır. Bu xüsusda işğaldan azad edilmiş ərazilərdəki böyük su ehtiyatlarının, Suqovuşan, Sərsəng kimi strateji əhəmiyyətli su anbarlarını yenidən ölkəmizin nəzarətinə keçməsi mühüm əhəmiyyətə malikdir. Uzun illər Ermənistan tərəfindən qanunsuz istismar olunan, bəzən də ekoloji təzyiq alətinə çevrilən bu anbarların modernləşdirilməsi milli su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Həmin ərazilərdə yeni su anbarlarının inşasının planlaşdırılması da gələcəyə hesablanmış addımlardır.

Su ehtiyatlarının düzgün idarə olunması, eyni zamanda, kənd təsərrüfatının davamlı inkişafı baxımından həlledici rol oynayır. Azərbaycan tarixən aqrar ölkə kimi formalaşıb və qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafı birbaşa suvarma imkanlarından asılıdır. Əkinə yararlı torpaqların böyük hissəsinin suvarmaya ehtiyac duyması bu sahədə sistemli və uzunmüddətli tədbirlərin reallaşdırılmasını zəruri edir. Təsadüfi deyil ki, dövlət başçısının çıxışında vurğulanan əsas məqamlardan biri də məhz suvarma və meliorasiya sistemlərinin müasir tələblərə uyğunlaşdırılması ilə bağlıdır. Bu, həm məhsuldarlığın artmasına, həm də regionlarda məşğulluğun təmin olunmasına xidmət edir.

Müşavirədə mövcud problemlər də açıq şəkildə diqqətə çatdırılıb: su itkilərinin yüksək səviyyədə olması, köhnəlmiş şəbəkələr, qeyri-dəqiq uçot sistemi resursların səmərəsiz istifadəsinə səbəb olur. Əhalinin və iqtisadiyyatın suya tələbatının artdığı halda, mövcud ehtiyatların itkilər hesabına azalması yolverilməzdir. Məhz buna görə yeni Dövlət Proqramında sayğaclaşdırmanın tam təmin edilməsi, itkilərin kəskin azaldılması, rəqəmsal idarəetmənin tətbiqi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu və digər addımlar həm də əhalidə suya münasibətdə daha məsuliyyətli davranışın formalaşdırılmasına xidmət edir.

Bakı və Abşeron yarımadası üçün nəzərdə tutulan genişmiqyaslı proqramın əhəmiyyətini xüsusi qeyd etmək laızmdır. Paytaxt və ətraf ərazilərdə əhalinin sıxlığı, sənaye və xidmət sektorunun inkişafı suya tələbatı ildən-ilə artırır. Eyni zamanda, kanalizasiya, yağış suları sistemlərinin məhdudluğu, müasir tələblərə cavab verməməsi müəyyən sosial və ekoloji problemlər yaradır. Leysan yağışları zamanı yaranan çətinliklər göstərir ki, bu sahədə kompleks və uzunmüddətli həll yollarına ehtiyac var. Dövlət Proqramı məhz bu boşluqları doldurmaq məqsədi daşıyır və 2035-ci ilə qədər mərhələli şəkildə icra olunmalıdır.

Xüsusi diqqət çəkən məqamlardan biri də alternativ su mənbələrinin yaradılmasıdır. Dəniz suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su təhlükəsizliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu layihə əlavə su mənbəyi formalaşdırmaqla yanaşı, həm də texnoloji inkişafın, xarici investisiyaların və müasir yanaşmaların tətbiqinin göstəricisidir. Məqsəd su təminatında riskləri minimuma endirmək, sistemin çevikliliyini və davamlılığını təmin etməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə göstərdi ki, Azərbaycan su təhlükəsizliyi məsələsinə strateji baxımdan yanaşır. İcra edilmiş və planlaşdırılan layihələr bugünkü ehtiyaclarla yanaşı, gələcək çağırışları da nəzərə alır. Əhalinin artımı, kənd təsərrüfatı və sənayenin inkişafı, iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyinin təmini yalnız sistemli, düşünülmüş tədbirlər hesabına mümkündür. Dövlət başçısının qarşıya qoyduğu strateji vəzifələr ölkənin su ehtiyatlarını qorumağa, iqtisadi inkişafın sürətləndirilməsinə və vətəndaşların həyat keyfiyyətini yüksəltməyə xidmət edir.

MTM Analitik Qrup