Su ehtiyatları XXI əsrin ən mühüm strateji resurslarından biridir. Dünya əhalisi artdıqca, urbanizasiya genişləndikcə və sənayeləşmə sürətləndikcə suya olan tələbat da artır. Bununla yanaşı, iqlim dəyişikliyi, çirklənmə və qeyri-səmərəli idarəetmə su ehtiyatlarının azalmasına səbəb olur. Bu səbəbdən su resurslarının effektiv idarə olunması, xüsusilə dövlət-özəl tərəfdaşlığı kimi yeni yanaşmaların tətbiqi zəruridir. Bakıda keçirilən COP29 sammiti çərçivəsində bu məsələyə də xüsusi diqqət göstərilməsi, su ehtiyatlarının idarə olunmasında dövlət-özəl tərəfdaşlığının müzakirəyə çıxarılması beynəlxalq ictimaiyyətin bu məsələyə göstərdiyi həssas münasibətdən qaynaqlanırdı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 2 milyarddan çox insan təmiz içməli suya məhdud çıxış imkanlarına malikdir. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, 2030-cu ilə qədər dünya əhalisinin yarısı su qıtlığı ilə üzləşəcək. Mütəxəssislər hesab edir ki, su resurslarının azalmasına bir çox amillər təsir edir. Lakin bunların arasında əsas yeri iqlim dəyişikliyi tutur. Temperaturun artması və yağıntıların qeyri-bərabər paylanması su hövzələrinin səviyyəsini azaldır. İkinci səbəb urbanizasiyadır. Şəhərlərin genişlənməsi suya olan tələbatı artırır və kanalizasiya tullantılarının sulara axıdılmasına səbəb olur. Əkinçilik və sənaye fəaliyyəti də su ehtiyatlarının azalmasına təsir edən amillər sırasındadır. Belə ki, su resurslarının 70 faizə qədəri əkinçilikdə istifadə edilir, lakin bu sahədə səmərəsiz idarəetmə ciddi itkilərə gətirib çıxarır. Suya çıxışın məhdudluğu həm də ciddi sosial və iqtisadi təsirlərə malikdir. Məsələn, su resurslarının çatışmazlığı münaqişələrə və miqrasiyaya səbəb ola bilər.
Azərbaycan da su ehtiyatları baxımından məhdud imkanlara malik ölkələr sırasındadır. Ölkəmizin ümumi su ehtiyatlarının 70 faizdən çoxu transsərhəd çaylardan asılıdır. Ölkədə içməli suya çıxış ümumən qənaətbəxş olsa da, regional səviyyədə ciddi fərqlər mövcuddur. Əsas problem su resurslarının idarə olunması ilə bağlıdır ki, bu da bir neçə amillə əlaqəlidir. Xüsusilə Kür və Araz çaylarının keyfiyyətinin azalması içməli su ehtiyatlarına mənfi təsir edir, hər il bu çaylarda çirklənmə səviyyəsi artır. Digər tərəfdən su itkilərinin qarşısının alınması hələ də ciddi problem kimi qalır. Prosesə təsir edən səbəblər arasında son illərdə iqlim dəyişikliyinin təsiri ilə quraqlıq hadisələrinin artması da var ki, bu da əkinçilik sektoruna ciddi zərbə vurur.
Mövcud problemləri aradan qaldırmaq üçün indi dövlət-özəl tərəfdaşlığı modeli su resurslarının idarə edilməsində innovativ yanaşma kimi çıxış edir. Bu model dövlət və özəl sektorun əməkdaşlığını nəzərdə tutur və əsas üstünlükləri maliyyə resurslarının artırılmasına, geniş texnoloji və innovativ yeniliklərin tətbiqinə, səmərəliliyin artmasına yol açır. Bu baxımdan dövlət-özəl tərəfdaşlığı bürokratik prosesləri azaltmaqla resursların daha düzgün bölüşdürülməsini təmin edə bilər. Dünya təcrübəsi də bunun səmərəli olduğunu göstərir. Məsələn, “PUB” adlı dövlət şirkəti ilə özəl sektorun əməkdaşlığı nəticəsində Sinqapur su resurslarını maksimum səmərə ilə idarə edir. Fransada su təchizatı sistemlərinin böyük hissəsi özəl şirkətlər tərəfindən idarə olunur. Azərbaycanda da dövlət-özəl tərəfdaşlığı modellərinin tətbiqi su ehtiyatlarının idarə olunmasında yeni imkanlar yarada bilər. Məsələn, su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün özəl sektorun iştirakından yararlanmaq olar. Həmçinin, kənd təsərrüfatında damcı suvarma texnologiyalarının tətbiqi üçün dövlət-özəl layihələrinin genişləndirilməsi mümkündür. Buna nail olmaq üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində qanunvericilik bazası təkmilləşdirilməli, şəffaflıq və hesabatlılığı təmin etmək üçün hüquqi çərçivə yaradılmalı, müxtəlif regionlarda kiçik miqyaslı dövlət-özəl tərəfdaşlığı layihələri həyata keçirilməli və nəticələr təhlil edilməlidir. Bundan əlavə, su resurslarının qorunması və səmərəli istifadəsi barədə cəmiyyət məlumatlandırılmalı, su ehtiyatlarının transsərhəd idarə edilməsi üçün qonşu ölkələrlə əməkdaşlıq gücləndirilməlidir.
MTM Analitik Qrup