SOSİALYÖNÜMLÜ İSLAHATLARDA KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏ – ŞƏRH

Son illərdə Azərbaycanda sosial-iqtisadi islahatların və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin genişlənməsi dövlət büdcəsinin strukturunda mühüm dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər öz dolğun ifadəsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Milli Məclisdə birinci oxunuşda qəbul edilən, gəlir və xərc proqnozlarına görə indiyə qədərki rekordları yeniləyən büdcə layihəsi göstərir ki, gələn il sosial rifahın gücləndirilməsinə, həssas təbəqələrin maraqlarının müdafiəsinə, sosial xidmətlərin keyfiyyətinin artırılmasına yönələn tədbirlər daha geniş miqyasda reallaşdırılacaq. Büdcədə sosial xərclərin xüsusi çəkisi yalnız mövcud sosial proqramların davam etdirilməsinə deyil, həm də yeni sosial paketin icrasına imkan verəcək.
Azərbaycanda son illərdə formalaşmış sosialyşnümlü inkişaf modelinin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Eyni zamanda, müəyyən zərurət qarşısında həyata keçirilən sərt islahatlar dərhal sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Dövlət vətəndaşların sosial mənafeyini nəzərə alaraq bəzən böyük maliyyə maliyyə tələb edən tələb investisiya layihələrini maliyyələşdirir.
Bir sıra Avropa ölkələrində sosial gərginliyin müşahidə edildiyi halda, son illərdə Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Dünya Bankının hesabatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir.
Büdcə sənədi ölkə əhalisinin ən müxtəlif kateqoriyalarının mənafeyinin daha səmərəli təminatına, sosial sabitliyin möhkəmləndirilməsinə xidmət edən kompleks tədbirlər paketinin reallaşdırılacağını deməyə əsas verir. 2026-cı ildə ölkədə sosialyönlü xərclərin dövlət büdcəsinin 41,1 faizini təşkil edəcəyi, 17 milyard 145,5 milyon manat həcmində olacağı proqnozlaşdırılır və bu göstərici ötən illə müqayisədə 1,3 faiz çoxdur. Qeyd edilən artım sosial xərclərin dinamik olaraq genişləndiyini, sosial proqramların maliyyə təminatının i gücləndiyini təsdiqləyir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, bu göstərici Gürcüstan və Ermənistanın birgə sosialyönümlü büdcə xərclərindən 2,5 dəfə çoxdur. Müqayisədə aşkar görünür ki, Azərbaycan regionda sosial siyasətə ən böyük maliyyə resursu ayıran ölkə olmaqla yanaşı, sosial təminat və sosial müdafiə sahələrində ardıcıl, genişmiqyaslı tədbirlərin icrasını həyata keçirir. Bu həm sosial sabitliyin qorunması, həm də əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm üstünlüklər yaradır.
Ümumilikdə, son beş ildə sosial xərclərin artım dinamikası dövlətin sosialyönümlü siyasətinin ardıcıllığını təsdiqləyir. Belə ki, İkinci Qarabağ Müharibəsindən sonra – 2021-ci ildə dövlət büdcəsində sosial xərclərə 12,2 milyard manat vəsait ayrılmışdısa, hazırda bu rəqəm 16,9 milyard manat təşkil edir. 2021-ci illə müqayisədə sosial xərclərdə 4,7 milyard manat məbləğində artım müşahidə olunub.
Ümumilikdə, 2018-ci ildən reallaşdırılan 4 sosial islahat paketi sosial sahəyə sistemli yanaşmanın mövcudluğunu göstərir. Sosial xərclərin genişlənməsi ilə paralel şəkildə təqaüd və müavinətlərin artırılması, minimum əməkhaqqının mərhələli şəkildə yüksəldilməsi, icbari tibbi sığortanın ölkə üzrə tam tətbiqi, sosial xidmətlərin yeni standartlar üzrə təşkili, əlilliyi olan şəxslərin təminatının yaxşılaşdırılması kimi istiqamətlərdə mühüm addımlar atılıb. Bu tədbirlərin hər biri insanların həyat keyfiyyətinin yüksəldilməsinə və əhalinin sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
2026-cı ilin dövlət büdcəsi layihəsində sosial xərclərin 17,1 milyard manat səviyyəsində nəzərdə tutulması iqtisadi artımın dayanıqlığı ilə sıx şəkildə bağlıdır. Ölkədə qeyri-neft sektorunun genişlənməsi, vergi və gömrük daxilolmalarının artması, fiskal sabitliyin qorunması sosial sahəyə əlavə maliyyə resurslarının yönəldilməsinə imkan yaradır. Büdcə gəlirlərinin artımı sosial öhdəliklərin yerinə yetirməsinə yeni imkanlar açıb, uzunmüddətli sosial proqramların maliyyə dayanıqlığını təmin edib.
Sosialyönümlü xərclərin artması yaşayış minimumu və ehtiyac meyarına uyğun olaraq, sosial ödənişlərin tənzimlənməsi, minimum əməkhaqqının mərhələli şəkildə artırılması kimi hədəflərlərə birbaşa əlaqəlidir. Qeyd edilən artımlar həm də sosial infrastrukturun inkişafına, müasir xidmət mexanizmlərinin tətbiqinə, əhalinin sosial təminat sisteminə əlçatanlığının artırılmasına yönələn layihələri əhatə edir. Bu istiqamətdə ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsini, məşğulluq təşəbbüslərinin genişləndirilməsini, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini və digər tədbirləri xüsusi qeyd etmək laızmdır.
Bütün bunların fonunda 2026-cı ilin dövlət büdcəsi Azərbaycanın sosial siyasətində yeni və daha genişmiqyaslı mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sosial rifahın yaxşılaşdırılması tədbirləri həm də hökuməti qarşıya qoyduğu daha bir mühüm hədəfə yaxınlaşdırır və əhalinin həyat keyfiyyətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılmağa imkan verir.

MTM Analitik Qrup